Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, əgər Donald Tramp həqiqətən də 24 saat ərzində müharibəni bitirə bilsə, buna görə “çox xoşbəxt olacaq”.
“AzPolitika.info” xəbər verir ki, Zelenski bunu Almaniyanın ARD telekanalına müsahibəsində bildirib. Müsahibə zamanı jurnalist Zelenskiyə Trampın müharibəni 24 saat ərzində bitirə biləcəyi barədə sözlərini xatırladıb və Ukrayna Prezidentindən Trampa etibar edib-etmədiyini soruşub. Zelenski cavabında deyib: “Yaxşı, mən onunla danışacağam. Mən sizə səmimi deyirəm – əgər onun formatı və ya düsturu sülhə gətirib çıxararsa və bunun üçün ona 24 saat həqiqətən də kifayətdirsə, mən çox xoşbəxt Prezident olacağam. Çox xoşbəxt. Çünki mən bir gündə nə qədər insan itirdiyimizi, bunun nəyə başa gəldiyini bilirəm. Ona görə də kimsə 24 saat ərzində müharibəni necə bitirəcəyini göstərsə, çox sevinərəm”.
Bundan sonra jurnalist Ukrayna rəhbərliyinin Trampla təmasda olub-olmadığını soruşub. Zelenski cavab verib ki, ABŞ-yə səfəri zamanı keçmiş prezidentlə bir dəfə söhbəti olub: “Bu, Baydendən əvvəl baş verib. Mən Prezident olanda(Trampla) görüşüm oldu. Həmin vaxt o da prezident idi. Komandalarımızla bir görüş oldu, normal və məhsuldar görüş keçdi. Lakin görüşdən sonra ciddi qalmaqal yaşandı”.
Xatırladaq ki, bir müddət əvvəl prezidentliyə namizəd Donald Tramp prezident olacağı təqdirdə Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyinə söz vermişdi. O, həm Rusiya, həm də Ukrayna prezidentlərini “yaxşı” tanıdığını və bu müddət ərzində müharibəni “100 faiz” bitirə biləcəyini bildirib.
Follow @7timesaz