“Ermənistanla sülh sazişinin yekunlaşdırılması münasibətilə sizi təbrik edirəm. Prezident Tramp həmin sazişin imzalanma və ratifikasiya prosesini səbirsizliklə gözləyir”.
7Times.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.
“Bu, regionda davamlı sabitlik və sülhün təmin olunması ilə iqtisadi inkişafı stimullaşdıracaq. Davamlı sülh, regional münaqişə dövrünə son qoyacaq və Cənubi Qafqaza təhlükəsizlik və rifah gətirəcəkdir. Biz, bu yolda atdığınız addımlara görə sizi təqdir edirik”, – Erik Ceykobs qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl Ermənistana və Azərbaycana səfər edən Almaniya Prezidenti Frank Valter Ştaynmayer də ona oxşar bəyanat səsləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, Bakı burada hər hansı bir əlavə şərt irəli sürmür: “Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.
“AzPolitika.info”
Follow @7timesaz