ABŞ-ın keçmiş Prezidenti Donald Trampın evindən gizli nüvə sənədləri tapılıb.
7Times.az bildirir ki, “Washington Post” qəzetinin məlumatına görə, Trampın Mar-a-Laqodakı evindəki sənədlərdə xarici hökumətin hərbi müdafiə, nüvə imkanları barədə məlumatlar əks olunub və onlara yalnız seçilmiş yüksək vəzifəli məmur baxa bilər. Yüksək həssaslıqla xarakterizə edilən sənədlərdə hansı xarici hökumətlərin adlarının olduğu açıqlanmayıb.
Bununla belə, Mar-a-Laqodan əldə edilən sənədlərlə bağlı narahatlıqların olduğu bildirilib. Məlumata görə, ələ keçirilən sənədlərdə ABŞ-ın hətta yüksək səviyyəli milli təhlükəsizlik rəsmilərinin də xəbərsiz olduğu gizli əməliyyatlar var. Bildirilib ki, sənədlərdə təfərrüatları qeyd olunan bəzi xüsusi giriş proqramlarının yalnız prezident, bəzi kabinet üzvləri və bir neçə dövlət işçisi tərəfindən bilinməsinə icazə verilir. Ədliyyə Departamentindən verilən açıqlamaya görə, ələ keçirilən 184 məxfi sənəddən 25-i tam məxfi, 92-si məxfi, 67-si isə digər məxfilik növlərini ehtiva edib.
Xatırladaq ki, avqustun 9-da Federal Təhqiqatlar Bürosu (FTB) Trampın Florida ştatındakı Mar-A-Laqo kurortunda yerləşən malikanəsində reyd keçirib və orada 20 qutudan çox əşya aşkar edilib.
Follow @7timesaz