ABŞ-nin hüquq müdafiə təşkilatları Prezident Donald Trampın administrasiyasına qarşı doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında fərmanla bağlı Nyu-Hempşir ştatının məhkəməsinə müraciət ediblər.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika Vətəndaş Azadlığının Müdafiəsi İttifaqı (ACLU) məlumat verib.
“Mühacir hüquqlarının müdafiəçiləri Tramp administrasiyasına qarşı iddia qaldırıblar. Buna səbəb ABŞ-də dünyaya gələn bəzi körpələri ABŞ vətəndaşlığından məhrum etməyi nəzərdə tutan icra fərmandır”, – ACLU-nun bəyanatında bildirilib.
İttifaqın rəhbəri Entoni Romero qeyd edib ki, ABŞ-də doğulan uşaqlara vətəndaşlıq verilməsindən imtina təkcə konstitusiyaya zidd deyil, həm də ölkə dəyərlərindən ağılsızca və amansız imtinadır: “Doğum hüququ ilə vətəndaşlıq ABŞ-nin gücünün və dinamikliyinin tərkib hissələrindən biridir. Biz yeni doğulmuşlara və gələcək Amerika nəsillərinə qarşı bu hücumu cavabsız qoymayacağıq”.
Xatırladaq ki, Tramp daha əvvəl doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında icra fərmanı imzalayıb. “Reuters” agentliyinin məlumatına görə, fərman qeyri-qanuni miqrantların uşaqları üçün bu cür məhdudiyyətləri nəzərdə tutur.
Follow @7timesaz