Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı bütün hazırlıq işləri başa çatıb.
7Times.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener məlumat verib.
“Seçki hazırlıqları artıq tamamlanıb. Bütün təhlükəsizlik tədbirləri görülüb. Tam dəqiq olmayan nəticələri elə seçki günü açıqlaya biləcəyik. Bu imkanlarımız var”, – deyə o bildirib.
Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi artıq sona çatıb. Proses 9 mayda yekunlaşıb.
Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınmışdı. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, “Cümhur İttifaqı”nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi “Millət İttifaqı”nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu “ATA İttifaqı”nın irəli sürdüyü namizəd Sinan Oğandır. Mayın 11-də İnce namizədliyini geri götürdüyünü açıqladıqdan sonra prezidentlik uğrunda yarışda iştirak edənlərin sayı 3-ə düşüb.
Follow @7timesaz