Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri Azərbaycanda da siyasi gündəmin əsas müzakirə mövzuları sırasındadır. Qardaş ölkənin taleyini dəyişəcək 14 may seçkilərində hansı namizədin dövlət başçısı postuna layiq görüləcəyi barədə müxtəlif ehtimallar irəli sürülür.
Azərbaycanda keçirilən rəy sorğularının nəticələrinə istinadla demək olar ki, ölkəmizdə böyük əksəriyyət hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə qələbə qazanmasını arzulayır. Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətlərinin daha da gücləndiyini deyən vətəndaşlarımızın fikrincə, AKP-nin iqtidarda qalması həm ölkələrimiz, həm də bölgənin gələcəyi üçün önəmlidir.
Bəs, Türkiyədə yaşayan azərbaycanlılar hansı namizədi dəstəkləyir?
Mövzu ilə bağlı Modern.az-a danışan jurnalist Məhsəti Şərif Özyürək bildirib ki, soydaşlarımızın qardaş ölkədə keçiriləcək seçkilərlə bağlı düşüncələr fərqlidir:
“Bu il Türkiyədə keçiriləcək seçkilər əvvəlki illərlə müqayisədə daha fərqli olacaq. Xüsusilə Millət və Cümhur İttifaqları arasında ciddi rəqabət olacaq. Türkiyədə yaşayan azərbaycanlılar olaraq biz də seçki prosesini yaxından izləyirik. Mən bu il ilk dəfə Türkiyədə səsvermə hüququna malik olacağam. Amma seçki prosesində kimi dəstəkləməyə gəlincə, fikirlər müxtəlifdir. Türkiyədə vətəndaşlar seçki ilə bağlı fikirlərini açıq şəkildə ifadə edirlər. Burada yaşayan azərbaycanlılar arasında fərqli fikirlər mövcuddur. Təbii ki, hər kəsin özünə görə əsasları var. Bu səbəbdən kimin daha çox dəstəkləndiyini demək çətindir. Amma Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və 44 günlük Qarabağ savaşı zamanı sərgilədiyi mövqeyinə görə daha çox dəstəkləndiyini düşünürəm. Bu, sadəcə mənim fikrimdir. Təbii ki, səs vermə gizli olduğu üçün konkret ad çəkmək etik olmaz. Türkiyə vətəndaşı olan azərbaycanlıların səsvermə zamanı mütləq hər iki ölkənin maraqlarını düşünəcəyinə inanıram”.
Jurnalist, həmçinin iki ölkə arasında əlaqələrin seçkilərdən sonra necə davam edəcəyi məsələsinə də toxunub:
“Ölkələr xarici siyasətlərinə müəyyənləşdirilmiş sistem üzərindən davam edirlər. Məncə, hazırkı dövrdə Türkiyə və Azərbaycan bir-birinə hər mənada bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev kimin seçilməsindən asılı olmayaraq doğru siyasətini davam etdirəcək. Təbii ki xalqın qərarına hörmətə yanaşılmalıdır”.
Türkiyədə fəaliyyət göstərən diaspor təmsilçisi Asif Qurban da seçkilərlə bağlı fikirlərin müxtəlif olduğunu söyləyib:
“Biz özümüz də Türkiyədə keçirilən parlament seçkilərində namizədliyimizi irəli sürmüşük. Bu seçkilərdə Azərbaycan əsilli soydaşlarımız aktiv iştirak edir. Soydaşlarımızla danışıqlar zamanı seçkilərə siyasi tərəfdən yox, Azərbaycan tərəfindən baxırıq. Görünən odur ki, azərbaycanlıların düşüncələri hazırki iqtidarın hakimiyyətdə qalması yönündədir. Biz düşünürük ki, hazırki hakimiyyətin qalması Azərbaycanın maraqlarına daha uyğundur. Lakin Türkiyə vətəndaşı olan soydaşlarımızın fikirləri son illər yaşanan iqtisadi gərginliyə görə dəyişə bilər”.
Qeyd edək ki, bu il mayın 14-də Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, “Cümhur İttifaqı”nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi “Millət İttifaqı”nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu “ATA İttifaqı”nın irəli sürdüyü namizəd Sinan Oğandır.
Follow @7timesaz