Yunanıstanla Türkiyə arasındakı gərginliyin Ukrayna ssenarisi üzrə inkişaf edəcəyi haqda fikirlər var. Bəzi ekspertlər düşünür ki, Türkiyənin zəiflədilməsi üçün bu dəfə Yunanıstan qurban seçiləcək.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Afina ilə Ankara arasında gərginlikdə maraqlı olan qüvvələr var:
“Türkiyə rəsmiləri bununla bağlı dəfələrlə bəyanatlar səsləndiriblər. Hulusi Akarın dünənki açıqlamasında “kimlərsə Yunanıstanın qulağına nələrsə deyir” açıqlaması da bu baxımdan diqqət çəkir. Tərəflər arasında ehtimal edilən savaş NATO daxilində parçalanmaya səbəb ola bilər. Alyansın digər üzvlərinin tərəf tutmalarından və ya səssiz qalmalarından asılı olmayaraq, bu, qurumun ruhuna uyğun gəlməyəcək. Əgər savaş başlayarsa, ən böyük günahkar NATO üzü olacaq. Alyans istəsə toqquşmanın qarşısını ala bilər. Doğrudur, Türkiyənin xarici siyasət kursu, əldə etdiyi uğurlar bəzi Qərb dövlətlərini narahat edir. Onların rəsmi Ankaranı zəiflətmək barədə düşünmələri təbiidir. Amma Yunanıstanda Ukrayna ssenarisinin təkrarlana biləcəyi ağlabatan deyil”.
Müsahibimiz bildirib ki, Yunanıstanda Türkiyə üçün “bataqlıq” yaratmaq mümkün olmayacaq:
“Ehtimal edilən savaş zamanı Ankara həm hərbi, həm də siyasi cəhətdən təmkinli davranacaq. Qərb dövlətləri Yunanıstanı dəstəkləməyə cürət etməzlər. Bu, Türkiyə ilə diplomatik münasibətlərin kəsilməsi ilə nəticələnə bilər. Beləliklə, savaş başlayarsa, bundan ən çox zərər çəkən Qərb dövlətləri olacaq. Müharibə miqyasına, təsir dairəsinə görə daha böyük olacaq. Nəticə etibari ilə Yunanıstanda Ukrayna ssenarisinin təkrarlana biləcəyinə inanmıram. Dünya buna getməz”.
Follow @7timesaz