Dünya

Türkiyənin ilk xanım baş bankiri kimdir? – DOSYE

Türkiyənin ilk xanım baş bankiri kimdir? – DOSYEbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Mərkəzi Bankına yeni sədr təyin edib. Onun sərəncamı ilə Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu vəzifəsindən azad edilib, yerinə Hafize Qaye Erkan təyinat alıb.

Məlumat üçün bildirək ki, Hafize Qaye Erkan Türkiyə Mərkəzi Bankının ilk qadın rəhbəridir.

7Times.az  xəbər verir ki, Hafize Qaye Erkan 1982-ci ildə Türkiyədə mühəndis-mexanik ata və riyaziyyatçı ananın ailəsində anadan olub. O, “İstanbul Erkek Liseyi”ni ikinciliklə bitirib və 1997-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsinə qəbul olunub. Buranı fərqlənmə diplomu ilə bitirən Hafize Qaye Erkan daha sonra təhsilini ABŞ-da davam etdirib. O, Stanford, Prinston Boston, Kornell və Kaliforniya daxil olmaqla 9 nüfuzlu universitetdən təqaüdlə təhsil təklifi alıb. Lakin o, Prinston universitetinə üstünlük verib.

Hafize Qaye Erkan hər il cəmi 2 nəfərə verilən “Fəxri doktorluq” təqaüdü müqabilində ev sahibi olmaq, ayda 3 min 200 dollar məvacib və ABŞ Milli Elmlər Akademiyasından araşdırma üçün qeyri-məhdud büdcə əldə etmək imkanı qazanıb.

O, Prinston universitetində iki illik doktorantura proqramını bir ildə bitirən ilk tələbə kimi tarixə düşüb.  Bununla da Hafize Qaye Erkan ölkənin “ən gənc maliyyə professoru” adını qazanıb. Daha sonra Amerikanın Massaçuses ştatında yerləşən Harvard Biznes Məktəbində idarəetmə elmləri, Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib.

Gənc professor 2005-ci ildə Nyu-Yorkda fəaliyyət göstərən “Goldman Sachs” bankda karyerasına başlayıb. O, adıçəkilən bankda 9 ilə yaxın işləyib, daha sonra Birinci Respublika Bankında idarəedici vəzifəsində fəaliyyətini davam etdirib. Hafize Qaye Erkan bank sahəsi üzrə uğurlu karyera qurub. Bank vəsaitlərinin 10 dəfəyə qədər artırılmasında onun böyük rolu olub.

Türkiyəli mütəxəssis sonra iki il ABŞ-ın zərgərlik şirkəti “Tiffany & Co”-nun idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Eyni zamanda “Marsh McLennan” maliyyə şirkətinin idarə heyətinin üzvüdür.

Modern.az