“21-ci əsr türk əsridir deyənlər yanılmayıblar. Biz bu ifadələrin nə qədər həqiqət olduğunun Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birlikdə türk dünyası üçün atdığı addımlarda və həyata keçirtdikləri fəaliyyətdə bir daha şahidiyik”.
Bu fikirləri Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Jalə Əliyeva “7Times.az”a açıqlamasında Türkmənistanda üç türk liderinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsini şəhrh edərkən bildirib.
Millət vəkili sammitin əhəmiyyətindən söz açaraq vurğulayıb ki, bu gün türk dünyasının birliyi və həmrəyliyi çox vacibdir:
“Dünyada qüvvələr nisbəti, dil və etnik mənsubiyyət baxımından türk dünyası çox böyük sahəni əhatə edir. Eyni zamanda, həm ərazi, həm də nüfuz olaraq çox böyük bir areala malikdir. Türk dövlətlərinin birlikdə olması, onların gələcəyə yönəlik çoxtərəfli müqavilələrdə əməkdaşlıq etməsi iqtisadi, diplomatik, siyasi və mədəni baxımdan çox əhəmiyyətlidir. Üç türk liderinin Türkmənistanda görüşü gələcək əməkdaşlığın yeni perspektivlərini açacaq, türk birliyinin genişlənməsinə töhvələrini verəcək”.
Dekabrın 13-14-də Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.
Follow @7timesaz