UEFA qadınlar arası Çempionlar Liqasında yeni format tətbiq edir və ikinci liqa yaradır.
Offsideplus.az xəbər verir ki, qitənin ən nüfuzlu futbol qurumu 2025/26 mövsümündən etibarən yeni formata keçəcək. Bu formata əsasən liqa mərhələsində 18 komanda çıxış edəcək. Belə ki, daha öncə qrup mərhələsində olduğu kimi komandalar 3 rəqiblə iki dəfə (ev və səfərdə) qarşılaşmayacaq, əvəzinə liqada 6 fərqli komandaya qarşı oynayacaq. Bu oyunların yarısı ev, yarısı isə səfər olacaq.
Liqanı ilk 4 pillədə bitirən klublar avtomatik 1/4 finala yüksələcəklər. 5-12-ci yer sahibləri isə iki mərhələli pley-offda çıxış edərək, növbəti raunda yüksəlmək uğrunda mübarizə aparacaqlar. 13-18-ci yerdəki komandalar turnirdən kənarlaşacaq.
Pley-offdan 1/4 finala yüksələcək 4 komanda liqanı ilk 4 pillədə bitirən komandalardan biri ilə qarşılaşacaqlar.
1/4 finaldan sonra turnir UEFA-nın hazırkı formatı ilə davam edəcək.
Həmin mövsümdən UEFA ilk dəfə ikinci qadın klub turniri təşkil edəcək. Bu turnirdə Çempionlar Liqasının ilk mərhələlərində mübarizədən kənarlaşan klublar çıxış etmək imkanı əldə edəcək.
Follow @7timesaz