Dünya

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.

7Times.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour” telekanalına müsahibəsində deyib.

O bildirib ki, rəsmi Kiyev, həqiqətən, sülh istəyənlərlə danışıqlara hazırdır:

“Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil”.

V.Zelenskinin sözlərinə görə, bu il iyun ayının ortalarında İsveçrədə Sülh Sammiti olacaq: “Müharibəyə son qoymaq üçün plan hazırlanacaq. Bu sammit Rusiyasız keçiriləcək. Çünki Rusiya planlara mane ola bilər”.

Dövlət başçısının fikrincə, Rusiya danışıqlarda maraqlı deyil: “Ona görə də müharibənin ədalətli sülhlə bitməsini istəyən bir ölkə kimi təşəbbüs Ukraynadan gəlməlidir”.

V.Zelenski həmçinin söyləyib ki, Ukraynadakı uşaqlar hər şeyi başa düşürlər:

“Onlar, o cümlədən mənim uşaqlarım qələbəyə daha çox inanırlar, nəinki bəzi tərəfdaşlarımız. Uşaqlarımız bütün sualların cavablarını bilirlər. Onlar başa düşürlər ki, müharibənin başa çatması bəzi amillərdən asılıdır. Amma onlar bizim qalib gələcəyimizə əmindirlər. Övladlarımız buna şübhə etmirlər”.

Ölkə lideri qeyd edib ki, övladları onun taleyindən narahatdırlar:

“Məncə, onlar mənim müharibədən sağ çıxıb-çıxmayacağımdan qorxurlar”.

V.Zelenski bildirib ki, Ukrayna ABŞ-nin dəstəyi olmadan qalib gələ bilməyəcək:

“Açığını deyim ki, Konqresin yardımı olmadan bizim qalib gəlmək şansımız olmayacaq. Bu bizim üçün çox çətindir. Çünki Rusiya şəxsi heyət və texnika baxımdan daha üstündür”.

O həmçinin vurğulayıb ki, Rusiya işğal altındakı Krımdan Ukrayna ərazisinə zərbələr endirir.

“Report”