Dünya

“Ukrayna şahmat taxtasındakı fiqurlardan biridir” – Kiyev Bayden-Si Cinpin görüşündən nə gözləyir?

“Ukrayna şahmat taxtasındakı fiqurlardan biridir” – Kiyev Bayden-Si Cinpin görüşündən nə gözləyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, bu gün San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının(APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında görüş gözlənilir.

“AzPolitika.info” xəbər verir ki, Ukraynada həmin görüşə diqqət olduqca yüksəkdir və bu görüşün Rusiya-Ukrayna müharibəsilə bağlı perspektivlərə təsir edəcəyi düşünülür.

Ukraynalı politoloq Valeri Kloçko isə yerli mətbuata açıqlamasında deyib ki, sözügedən görüşdən Ukrayna müharibəsinə dair dərhal və konkret nəticələr gözləmək doğru deyil: “Bu o demək deyil ki, onlar görüşdən sonra mətbuat konfransı keçirəcək və nəyləsə bağlı razılığa gəldiklərini bəyan edəcəklər. Ümumiyyətlə, görüş rəsmən anons edilməyib. Bu, aralıq görüşdür və hökumətlərarası komissiyalar çərçivəsində gələcək danışıqlara hazırlıq ola bilər”.

Kloçko əlavə edib ki, bu görüşün nəticəsində hansısa sənədin imzalanacağını və Ukraynadakı müharibə ilə bağlı hər hansı razılığa gəlinəcəyini gözləmək yersizdir. Bununla yanaşı, politoloq bildirib ki, iki dünya lideri arasında Ukrayna, Yaxın Şərq, Tayvan məsələlərinin müzakirəsi gözləniləndir. Həmin vaxt ABŞ-də Ukrayna nümayəndə heyətinin də olması isə müsbət haldır.

Politoloqun dediyinə görə, görüşdə yeganə mövzu Ukrayna olmayacaq və “Ukrayna sadəcə, şahmat taxtasındakı fiqurlardan biridir”.