Moldova və Ukraynadan olan deputatlar Avropa Parlamentinə müşahidəçi qismində qatıla bilər.
7Times.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola “Politico”ya müsahibəsində bildirib.
O qeyd edib ki, hər iki ölkə Avropa İttifaqına daxil olmağı gözləyir:
“Bir ölkə Avropaya siyasi nöqteyi-nəzərdən baxırsa, o zaman Avropa qapılarını geniş açmalıdır. Genişlənmə həmişə Avropa İttifaqının ən güclü geosiyasi aləti olub”.
Eyni zamanda, Avropa Parlamentinin rəhbəri əlavə edib ki, bu təşəbbüsü həyata keçirmək üçün o, parlamentin siyasi qruplarından dəstək almalı, eləcə də digər namizədlərə Avropa İttifaqına üzv olmaq üçün analoji imkan yaratmalıdır.
Metsola vurğulayıb ki, Ukrayna və Moldovadan olan müşahidəçi üzvlərin səsvermə hüququ olmayacaq və seçilməyəcəklər, sadəcə namizədlikləri irəli sürüləcək. Onlara rəsmi olaraq Avropa Parlamentində yerlər veriləcək, bunun sayəsində parlamentari sayı 2024-cü ilin iyununda keçiriləcək Avropa seçkilərindən sonra 705 nəfərdən 720 nəfərə yüksələcək.
Qeyd edək ki, Ukrayna və Moldova 2022-ci ilin iyununda Avropa İttifaqına üzv olmağa namizəd olublar. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, Aİ Ukrayna və Moldovanı qəbul etməlidir ki, onlar blokun dəyərlərini paylaşmayan ölkələrin təsiri altına düşməsin. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə Ukrayna və digər namizəd ölkələrin 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola biləcəyini elan edib.
Modern.az
Follow @7timesaz