“Ukraynaya 2 illik atəşkəs yox, təhlükəsizlik zəmanəti ilə onilliklər ərzində sabit sülh lazımdır”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko deyib.
O, qeyd edib ki, Ukrayna müharibənin danışıqlarla bitəcəyini açıq şəkildə anlayır və buna görə də Prezident Volodimir Zelenskinin sülh formulunu təbliğ edir. Onun sözlərinə görə, Ukraynanın real təhlükəsizlik təminatına ehtiyacı var və bu, NATO-ya üzvlükdür.
Ona görə də Ukrayna Vaşinqton sammitində Alyansa dəvət alacağına ümid edir: “Biz başa düşürük ki, üzvlük sabah baş tutmayacaq, lakin bu dəvət Rusiya Federasiyasındakı bir çox qaynar başları soyudacaq və gərginliyin azaldılmasına töhfə verəcək. 2008-ci il Buxarest sammitinin təcrübəsi açıq şəkildə sübut etdi ki, Putinlə münasibətlərdə konkretlik vəziyyəti sabitləşdirir, onun olmaması isə Rusiyanı aqressiv addımlar atmağa sövq edir… Rusiyalılar yalnız bir dil başa düşürlər – güc dili. Sağ qalmaq üçün Qərb dünyası güclü olmalı və bu gücdən istifadə etməyə hazır olmalıdır”.
Follow @7timesaz