2024-cü il ərzində Rusiya Müdafiə Nazirliyi ilə 374 min – 407 min arasında yeni hərbi xidmət müqaviləsi imzalanıb.
7Times.az bildirir ki, bu barədə məlumatı “Vacib tarix” araşdırma qrupu federal büdcə xərclərinin təhlilinə əsasən yayıb. Maksimal göstərici – 407,2 min nəfər, minimal isə 374,2 min nəfər olaraq qeyd olunur. Fərqə səbəb kimi avqustda müqaviləçilərə birdəfəlik ödənişin 195 mindən 400 min rubla qaldırılması göstərilir.
2024-cü ilin son rübündə gündə orta hesabla 1700 nəfər, 2025-ci ilin yazında isə 1000 nəfər müqavilə imzalayıb. Bu, əvvəlki illə müqayisədə azalma deməkdir. Prezident Vladimir Putin isə yay aylarında bu rəqəmin 1800 nəfərə çatacağını iddia etmişdi.
Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun əməkdaşı Yanis Klugen və Conflict Intelligence Team (CIT) ekspertləri qeyd edirlər ki, müqavilə imzalama dinamikasında ciddi azalma müşahidə olunur. CIT Putinin ayda 50–60 min yeni müqaviləçi barədə verdiyi açıqlamaları “siyasi təbliğat” adlandırır:
“Putin deyir ki, Ukraynada 30 min nəfəri zorla aparırlar, bizdə isə könüllü olaraq iki dəfə artıq insan gedir. Bu, sadəcə təzyiq yaratmaq üçündür – real rəqəmlər fərqlidir.”
Ekspertlərin fikrincə, müqavilə tempində artım yalnız birdəfəlik ödənişlərin artırılması ilə mümkündür. 2024-cü ildə belə iki artım baş versə də, 2025-ci ilin yazında bu cür kampaniyalar aparılmayıb və bu da azalmaya səbəb olub.
Rusiya müdafiə naziri Andrey Belousov isə 2024-cü il üzrə 427 min nəfərin müqavilə imzaladığını açıqlayıb. Bu rəqəm müstəqil jurnalistlərin hesablamalarından yüksəkdir və mənbə baxımından şübhə doğurur.
“AzPolitika”
Follow @7timesaz