Dünya

Ukraynaya verilən tankları vurana 72 min dollar – Rusiya onlardan niyə bu qədər qorxur?

Ukraynaya verilən tankları vurana 72 min dollar – Rusiya onlardan niyə bu qədər qorxur?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna münaqişəsinin birinci ildönümünə yaxınlaşdığımız günlərdə Qərb alyansı gedişatı dəyişə biləcək kritik addımlar atmağa hazırlaşır. Psixoloji üstünlüyü ələ keçirən Ukrayna ordusu həm də Almaniya, İngiltərə, ABŞ və Polşadan tank dəstəyi alacaq. Bu isə artıq Moskva administrasiyasında böyük hiddət doğurub.

 

7Times.az   bildirir ki, hadisələr fonunda hərbi ekspertlər Rusiya prezidenti Vladimir Putinin “xüsusi əməliyyatlar” anlayışından imtina edərək NATO ilə açıq müharibə strategiyasını qəbul edəcəyini iddia ediblər.

 

Bəs Ukraynaya edilən sözügdən dəstək müharibənin gedişatını necə dəyişəcək?

 

Əksər analitiklərin fikrincə, tankların Kiyev qüvvələrinə göndərilməsi müharibənin dönüş nöqtəsi hesab olunur. Hərbi ekspertlər Ukraynanın işğal olunmuş ərazilərini geri qaytarmaq fürsəti qazandığını düşünürlər. Dünyanın müxtəlif mətbu orqanlarında qeyd olunur ki, sürətlə modernləşən Ukrayna ordusu Rusiyanın hücumlarını dəf etmək əvəzinə, işğal olunmuş əraziləri geri ala, eyni zamanda mükəmməl bacarıqlara malik tanklar sayəsində Kiyev administrasiyası müharibəni Rusiya ərazisinə daşıya bilər.

 

Tanklar nə zaman istifadə ediləcək?

 

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, təlim və təchizat nəzərə alınmaqla, tanklar təxminən üç ay ərzində aktiv fəaliyyətə başlayacaq. Bununla belə, “M1 Abrams”ın “Leopard 2” tankları ilə uyğunlaşdırılması və batalyonların planlaşdırılması prosesinin daha mürəkkəb olacağı düşünülür. Britaniya Müdafiə Nazirliyi isə bir neçə gün əvvəl Ukrayna tank qoşunlarının Böyük Britaniyaya təlim keçmək üçün gəldiyini açıqlayıb. ABŞ-ın göndərəcəyi tanklar isə əvvəlcə Atlantik okeanını keçməlidir. Ukraynaya veriləcək “Abrams” tankları daha mürəkkəb sistemlərə malik olduğundan onların istifadəyə verilməsində gecikmələr ola bilər.

 

Avropa Xarici Əlaqələr Şurasının (ECFR) Siyasət üzrə Baş Mütəxəssisi və hərbi ekspert Qustav Qressel “CNN”ə açıqlamasında bildirib ki, “”Abrams” tankları “Leopard”dan qat-qat ağırdır: “Baxım və mühəndislik xərcləri yüksəkdir. Avadanlıq dəstəyi baxımından da ciddi dəstəyə ehtiyacı olacaq”.

 

Xüsusilə qış dövründə durğunlaşan müharibənin yaz aylarında yenidən sürətlənəcəyini proqnozlaşdıran ekspertlər Ukraynanın bu dövrdə hərbi sursatlara daha çox ehtiyacı olduğunu vurğulayıblar. Tank göndərilməsinin Rusiyaya qarşı açıq təcavüz aktı olduğunu deyən dövlət rəsmiləri isə bu qərarın böyük fəlakətlərə səbəb olacağını bəyan ediblər.

 

“ABŞ və Avropanın qəbul etdiyi bu qərar Ukraynaya daha çox fəlakət gətirəcək. Bu, həm də qitədəki gərginliyi xeyli artıracaq. ABŞ istehsalı olan “Abrams” tankları Ukraynaya gətirilsə, onlar da digərləri kimi yanacaq. Bunun xərcləri avropalı vergi ödəyicilərinin üzərinə ciddi yüklər qoyacaq”, deyə Kremlin sözçüsü Dmitri Peskov ötən günlərdə söyləyib.

 

Tankları vurana 72 min dollar mükafat..

 

Digər tərəfdən dünən Rusiyanın “Fores” şirkətinin Ukraynaya göndərilən Qərb tanklarını vuran və ya ələ keçirən ilk əsgərə 72 min dollar pul mükafatı təqdim edəcəyi ilə bağlıq açıqlaması diqqət çəkib. Uralda energetika sənayesi üçün avadanlıq istehsal edən şirkət NATO-nun Ukraynanı silah anbarına çevirdiyini və münaqişəni qızışdırdığını bildirib. Eyni şəkildə şirkət qərb istehsalı olan döyüş təyyarələrinin Ukraynaya veriləcəyi təqdirdə onları vuranları 215 min dollarla mükafatlandıracağını açıqlayıb.

Sfera.az