Sağlamlıq

Uşaq yeni doğulan körpəni qısqanıb, şiddət göstərirsə, nə etməli?

Uşaq yeni doğulan körpəni qısqanıb, şiddət göstərirsə, nə etməli?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaya planlı şəkildə ikinci uşaq gətirmək istəyən valideynlər adətən düzgün qərarın hansı zamanda veriləcəyi ilə bağlı tərəddüd edirlər: ya birinci övlad çox kiçikkən dünyaya gətirirlər, ya da birinci uşaq kifayət qədər böyüdükdən sonra qərar verirlər ki, bu da bəzən problemlərə yol aça bilir.

Bundan əlavə, ailəyə ikinci uşağın gəliş xəbəri adətən birinci övladda qıcıq hissi yaradır. Bu hisslər isə çoxuşaqlı valideynlərə yad deyil. Valideynlər əsas problemi də bu zaman yaşayır.

Medicina.az-a psixoloq Ruhiyyə Rüstəmova bu məsələlərdən danışıb:

– Ruhiyyə xanım, problem olmaması üçün ailədəki uşaqlar arasında neçə yaş fərq olmalıdır?

– Birinci uşaqla ikinci arasında 3 yaşa qədər fərq olmalıdır. Əgər ailə dünyaya uşaq gətirməyi planlı şəkildə həyata keçirmək istəyirsə, 3-6 yaş arası eqosentrizm dövrü olduğundan, ikinci uşağın birinci uşaqdan 6 il sonra olması məsləhətdir. Çünki uşaq şüurlu şəkildə ikinci övladın gəlməsinə hazırlıqlı olmalıdır.

– Uşaq ikinci gələn körpəni qısqanırsa, bunu adətən hansı formada biruzə verir?

– Qısqandığı zaman uşaq aqressivləşir, gecələr yerini islatmağa, dırnaq yeməyə, yeni doğulan körpəyə şiddət tətbiq etməyə başlayır. Və yaxud öpmək adı ilə uşağı möhkəm sıxa, çimdik götürə bilər. Bundan başqa iməkləməyə, uşaq kimi hərəkət etməyə başlayır. Bəzən butulkadan yemək istəyə də bilər.

– Doktor, valideynlər bu zaman nə etməlidir?

– Valideyn bu zaman hər iki uşağa diqqəti bərabər ayırmalıdır. Birinci uşağın qısqandığını görürsə, onu daha çox öpməyə, əzizləməyə əl atmamalıdır. Özünə vicdan əzabı yükləməməlidir.

– Yeni doğulan uşağa diqqət ayrılan zaman birinci övladın qısqanmaması üçün nə etmək lazımdır?

– Uşağı qısqandırmamaq üçün ona ya ana, ya da ata obrazını yükləmək lazımdır. Məsələn, qızdırsa ona kiçik ana vəzifəsi verilir. “Bacının (qardaşının) pampersini gətir. Yeməyini gətir. Ağıllı qızım, afərin” və s. motivasiya verərək danışmaq lazımdır. Hərəkətini alqışlamaq mütləqdir. Oğlandırsa, eyni formada ona da ata obrazını verərək eyni şəkildə davranmaq lazımdır. “Sən 5 dəqiqə yanında dur, ağıllı balam” deyərək qısqanclıqdan uzaq saxlanılmalıdır. Uşaq onu rəqibi kimi görməməlidir. Bu şəkildə davranılsa heç bir qısqanclıq olmayacaq və azyaşlı “işini” sevə-sevə görəcək.

– Bəs həyəcan təbili nə zaman çalınmalıdır?

– 3 ay ərzində ana müşahidə aparmalıdır. Çünki qeyd etdiyim kimi valideyn kimi davranarsa, bu qısqanclıq hissi azalmalıdır. Yox, əgər valideyn bu davranışların azalmaq əvəzinə artdığını görərsə, aqressiya, davranış pozlunluğu müşahidə edərsə, bu zaman həyəcan təbili çalmağın zamanıdır, yəni uşağı uşaq psixoloquna yönləndirməlidir.