Dünya

ÜST rəhbəri: Gələcəkdə yeni təhlükəli viruslar peyda olacaq

ÜST rəhbəri: Gələcəkdə yeni təhlükəli viruslar peyda olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz dəqiq bilirik ki, gələcəkdə yeni viruslar və “İks” adlanan xəstəlik peyda olacaq.

7times.az-ın məlumatına görə, Xezerxeber.az Birləşmiş Millətlər Təşkilatının (BMT) Xəbərlər Xidmətinə istinadla bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında çıxış edərkən söyləyib. O, yeni xəstəliklərin baş verməsinin qarşısını almaq və onlarla mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin zəruri vasitələrə malik olduğunu vurğulayıb.

Doktor Tedros, SARS və H5N1 viruslarına qarşı mübarizənin təcrübəsinə əsaslanan Tailand hökumətinin və ictimaiyyətinin vaxtında və sürətlə səfərbər olunaraq COVID-19-un yayılmasının qarşısını ala bilmələrini misal gətirib. “Tailandda olduğu kimi “əzələ yaddaşının” inkişafı pandemiyaya qarşı mübarizə aparmaq üçün çox vacibdir və indi bütün dünya bu cəhətdən döyüş hazırlığında olmalıdır”, – deyə o vurğulayıb

ÜST rəhbərinin fikrincə, koronovirus artıq bu əsrdə baş vermiş ən təhlükəli xəstəliklərin ilk epidemiyası olmasa da, o beynəlxalq ictimaiyyəti qəfildən yaxalayıb. Bununla bağlı Tedros Zika və Ebola kimi xəstəlikləri misal gətirib.

“Hər dəfə eyni şey baş verir. Epidemiyanın ən qızğın çağında onunla mübarizəyə böyük pullar xərclənir, lakin sonrakı epidemiyaya hazırlaşmaq üçün ehtiyat fondunda vəsait qalmır”, – deyə Tedros söyləyib.

O xatırladıb ki, XXI əsrdə təhlükəli xəstəliklərin əksəriyyəti zoonoz xəstəliklərə, yəni insana heyvanlardan ötürülən xəstəliklərə aid olanlardır. Çox güman ki, COVID-19 da onların sırasına daxildir. Bu xəstəliyin əsas daşıyıcısının yarasalar olması və bu virusun onlardan digər heyvana keçərək insana yoluxması ehtimal olunur. Mümkün “vasitəçilər” sırasında panqolinlərin adı çəkilir.

ÜST rəhbəri insanın vəhşi təbiətin ərazisini mənimsəməkdə davam etdiyini və buna görə də yeni patogenlərin heyvanlardan insana keçməsi riskinin artdığını vurğulayıb.

Doktor Tedros bəyan edib ki, beynəlxalq ictimaiyyət ötən illərin təcrübəsinə əsaslanaraq yeni xəstəlik və pandemiyalara qarşı mübarizəyə birgə hazırlaşmalıdır.