“Təəssüf ki, deyilənlər həqiqət idi. Ali Məhkəmənin qərarına baxmayaraq, Vəli Ələsgərov qanunsuz olaraq 2 gün Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanıldı”.
“AzPolitika.info” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayev “Gününsəsi”-nə açıqlmasında deyib.
Vəkilin sözlərinə görə, məhkəmə qərarını cəzaçəkmə müəssisəsinə təqdim etsə də, müdafiə etdiyi şəxsə bu barədə heç nə deyilməyib: “Vəli Ələsgərov azadlığa çıxması barədə qərarı oradan buraxılan anda bilmişdi”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Naxçıvandakı cəzaçəkmə müəssisəsinin Penitensiar Xidmətə tabe olmadığını bildirib.
Vəkil, həmçinin bildirib ki, Vəli Əsgərov həbsdə olduğu bir neçə il ərzində ağır şəraitdə saxlanılıb: “Onun heç bir hüququ tanınmayıb. Bir neçə ildə cəmi bir dəfə ailəsi ilə şüşə arxasından görüşə bilib. Bu görüş mediada Vəli Ələsgərovun vəfat etməsi ilə bağlı xəbərlər yayılan zaman baş tutmuşdu. Həmin vaxt ailəsi onu şüşə arxasından görə bilmişdi”.
Vüqar Xasayev bildirir ki, Vəli Ələsgərov azadlığa çıxan kimi Bakıya təyyarə bileti alıblar: “Dərhal Naxçıvanı tərk etdik. Səhhətində müəyyən problemlər var. Hazırda səhhəti ilə məşğuldur”.
Follow @7timesaz