Sumqayıt Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Səadətdin Nuriyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
7Times.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, Səadətdin Nuriyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2022-ci ilin noyabrında Abşeron rayonunun Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində qeydə alınıb. Belə ki, 28 yaşlı Əfsanə Nuriyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bildirilib ki, o, həyat yoldaşı 30 yaşlı Səadətdin Nuriyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla öldürülüb.
Məlum olub ki, Səadətdin Nuriyev qətli törətdikdən sonra qaçıb. İddialara görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə olub. Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə istintaqında Səadətdin Nuriyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadə vermək istəmədiyini, ünvanlanan sualları cavablandırmaq istədiyini bildirib. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq deyib ki, Əfsanə Nuriyeva evdən qaçıb getdiyinə görə onu öldürüb. Arvadı 3-4 ay əvvəl evdən qaçıb gedib. O, arvadının evdən qaçıb harada qaldığını bilmədiyini, Əfsanəyə neçə bıçaq zərbəsi endirdiyini yadından çıxardığını, hadisəni törətdikdən sonra Yasamalda polisə təslim olduğunu söyləyib.
Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq deyib ki, arvadını ona xəyanət etdiyinə görə öldürüb:
“Qadının özünün dediyinə görə, mənə xəyanət edib. Arvadımla görüş zamanı nə səbəbə evdən qaçdığını soruşdum və evə qayıtmalı olduğunu bildirdim. Lakin Əfsanə qeyd etdi ki, həyatı çöldədir. Başqa kimsə mənə arvadımın xəyanət etməsi barədə məlumat verməyib”.
Follow @7timesaz