Dünya

Yaponiya və Aİ ABŞ-dan asılılığı azaltmaq üçün öz peyk şəbəkəsini yaradacaq

Yaponiya və Aİ ABŞ-dan asılılığı azaltmaq üçün öz peyk şəbəkəsini yaradacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və Avropa İttifaqı (Aİ) ABŞ-dan asılılığı azaltmaq üçün öz peyk şəbəkəsini yaratmağı və müdafiə sənayesi sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə “Nikkei” qəzeti iyulun 23-də Tokioda keçiriləcək Yaponiya-Aİ sammitində qəbul edilməsi gözlənilən saziş layihəsinə istinadən məlumat verib.

Gözlənildiyi kimi, tərəflər birgə istismar ediləcək kiçik peyklər qrupunun yaradılması barədə razılığa gələcək, həmçinin bu sahədə dövlət-özəl tərəfdaşlığı formatını müzakirə edəcəklər. Xüsusilə, mühüm texnologiyalar, eləcə də iqlim dəyişikliyi haqqında məlumat mübadiləsi və təbii fəlakətlərlə mübarizə ilə bağlı ümumi standartlar və qaydalar işlənib hazırlana bilər.

Bundan əlavə, tərəflər kosmik tullantılarla mübarizə üzrə birgə iş müzakirə edəcəklər.

Yaponiya və Aİ real vaxt rejimində qarşılıqlı əlaqəni həyata keçirməyə imkan verən peyk qrupunun mövcudluğunu daha da rəqəmsallaşma üçün əsas amil hesab edir. Lakin Tokio və Brüssel bu sahədə ABŞ və Çindən xeyli geri qalır.

Qəzet Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatlarına istinadən qeyd edir ki, təkcə İlon Maskın “SpaceX” şirkəti 40 000 peyk, Çin isə 10 000 peyk buraxmağı planlaşdırır. Aİ isə 2030-cu illərin əvvəlinə qədər 290 peyk, Tokio isə “beşdən çox peyk” sahibi olmağı planlaşdırır. Bu baxımdan “Nikkei” qeyd edir ki, Yaponiya və bir çox Aİ üzvləri ABŞ-ın müttəfiqləri olaraq, informasiya texnologiyaları sahəsində Vaşinqtondan çox asılıdırlar.