Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.
7times.az xəbər verir ki, bu barədə “RBC” Ukrayna Prezident Ofisindəki mənbələrə istinadən məlumat verib.
“Qərar verildi. Sonra sənədlər Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Xarici İşlər Nazirliyinə, Miqrasiya Xidmətinə göndərildi”,- deyə məlumatda qeyd olunub.
Sözügedən 3 şəxsin Ukrayna vətəndaşlığından məhrum olmaları digər dövlətlərin vətəndaşlığına sahib olmaları ilə əlaqədardır: Vadim Alperin (İsrail vətəndaşlığı), Arayik Amirhanyan (Ermənistan vətəndaşı) və Aleksandr Yerimiçuk (Rumıniya vətəndaşı).
Onlardan ikisinin qaçaqmalçılıqda təqsirləndirildiyi vurğulanıb.
Qeyd edək ki, 2 apreldə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədəki 10 əsas qaçaqmalçıya qarşı şəxsi sanksiyaların tətbiq olunmasına qərar verib.
MTMŞ-in qərarı barədə danışan Zelenski Ukrayna tarixində ilk dəfə olaraq şəxsi sanksiyaların tətbiq olunduğunu bildirib.
Bununla yanaşı, MTMŞ-in qərarına əsasən, 79 şirkətə də sanksiya tətbiq edilib. qafqazinfo.az