Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfər edib. Bu, prezidentin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk rəsmi səfəridir. Məlumata görə, Zelenski polşalı həmkarı Anjey Duda, eləcə də nazirlərlə görüşəcək.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov tərəflərin sonuncu dəfə bir neçə ay əvvəl Ukraynada bir araya gəldiyini xatırladıb:
“Müharibədə Ukraynaya ən çox dəstək olan ölkələrdən biri Polşadır. Bunun əsas səbəblərindən biri də rəsmi Varşavanın təhlükəslik qayğısıdır. Anjey Duda yaxşı başa düşür ki, Ukrayna məğlub olsa, Rusiyanın növbəti hədəflərindən biri Polşa ola bilər. Digər tərəfdən, səfər ərəfəsində Polşanın bir neçə MiQ-29 qırıcısının Ukraynaya təhvil verildiyi açıqlanmışdı. Yəqin, bu proses gələcəkdə də davam edəcək. Polşanın Ukraynaya silah tədarükünün intensivləşəcəyi gözləniləndir. Görüş zamanı bu barədə razılıqların əldə olunması mümkündür”.
Müsahibimiz qeyd edib ki, savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir:
“Yəqin ki, döyüşlər hələ uzun çəkəcək. Bu isə o deməkdir ki, Polşa və digər müttəfiqlər Ukraynaya dəstəyi səngitməməli, əksinə, gücləndirməlidirlər. Qarşılıqlı təmasların, o cümlədən səfərlərin davam etməsi, həm də Rusiyaya mesajdır. Müttəfiqlər, beləliklə, Kremlə həmrəyliklərinə dair ismarış verir, birliklərinin zəifləmədiyini göstərmək istəyirlər”.
Follow @7timesaz