Amerikalı milyarder, sıfırdan bir meqapolis qurmaq istədiyini açıqlayıb.
Amerikada xəyal sayılacaq bir şəhər qurulur.
“7times.az” Musavat.com-a istinadla bu çılğın layihə haqqında maraqlı detalları təqdim edir.
Milyarder Mark Lore Şimali Kaliforniyada yerləşən Silikon vadisindən mənimsədiyi texno-utopiya anlayışı ilə bu şəhəri qurmaq qərarına gəlib.
İlk olaraq elektron ticarət sahəsində təşəbbüslər edən, sonra “Walmart”ın onlayn alış-veriş departamentinin rəhbəri və CEO vəzifəsinə yüksələn Mark Lore yeni layihəsini keçən ay başladıb. Bu layihə günümüzün ‘çirkli’ meqapolislərinə rəqib kimi təqdim olunur.
Qurulacaq şəhər daha əhatəli, əlçatan, davamlı və yüksək səviyyədə yaşanacaq bir şəhər olacaq.
Şəhərin adı Telosadır, bir zamanlar Aristotel tərəfindən istifadə edilən “daha yaxşı məqsəd” mənasını verən yunanca telos sözündən yaranıb. Bu fikri ortaya atan Mark Lore, metropolisin dizaynını Danimarka “Bjarke Ingels Group” şirkətinə həvalə edib. Şirkət dizaynına davam etdikləri şəhərin üç rəqəmsal şəklini paylaşıb.
Şəhərin harada tikiləcəyi hələlik müəyyən edilməyib.
Şəhəri tanıtmaq üçün açılan veb-saytdakı məlumatlara görə, layihəni Nevada, Utah, Idaho, Arizona, Texas və Appalachian əyalətlərində qurmaq mümkündür. Şəhərin 150.000 hektar ərazidə qurulması və 2060 -cı ilə qədər 5 milyon insana ev sahibliyi etməsi planlaşdırılır. Bu o deməkdir ki, təxminən bir hektarda 33 nəfər olmaqla San -Fransiskoya bənzər bir əhali sıxlığı olacaq.
Layihənin məqsədi dünya şəhərlərinin xüsusiyyətlərini bir yerdə birləşdirməkdir.
Quracağı şəhər haqqında açıqlama verən Mark Lore bunları deyib: “Telosa Nyu York kimi canlı və dolğun, Tokio kimi səmərəli, təhlükəsiz və təmiz, Stokholm kimi sosial xidmət keyfiyyəti və dayanıqlı olacaq. Bir çox cəhətdən dünyanın lider və hətta ən yaxşı şəhərləri sayılan bu üç şəhərlərin ən yaxşı xüsusiyyətlərini özündə cəmləyəcək. Mən burada həqiqətən yaşana biləcək bir mühit yaratmaq niyyətindəyəm”.
Gələcəyin şəhəri iddiası ilə qurulacaq Telosanın əsas məqsədi davamlılıqdır. M.Lore şəhəri bərpa olunan enerji mənbələri ilə təmin edəcəyini və təmiz suyun yerində depolanıb təmizlənəcəyini, sonra yenidən istifadə ediləcəyini söyləyir. Şəhər sakinləri üçün də çoxlu yaşıllıq sahəsinin olması planlaşdırılır.
Layihənin əsasını təşkil edən başqa bir xüsusiyyət də bərabərlikdir.
Ayn Rand kapitalizmi ilə Skandinaviya modelinin birləşməsi nəticəsində ortaya çıxan bərabərlik ideyasının həyata keçirilməsinin nəzərdə tutulduğu şəhərdə hər bir vətəndaşın payı olacaq və şəhər əslində, cəmiyyətin mülkü olacaq. Buna görə də şəhər inkişaf etdikcə vətəndaşlar da inkişaf edəcək. Ən azından təsisçisi belə bir vəziyyətin şəhərdə hökm sürəcəyini düşünür. Planlara görə ilk sakinlər 2030 -cu ildə şəhərə köçə biləcəklər. Sonra tədricən daha çox sakin qəbul edəcək və artacaq. Əlbəttə ki, bunun üçün Lorenin maddi dəstək tapması və şəhəri qurmaq üçün münasib bir yer alması lazımdır. Şəhərin qurulması üçün 400 milyard dollara ehtiyac olduğu da müəyyən edilib.
Layihənin böyük hissəsini Lore maliyyələşdirsə də, hələ də milyardlarla dollarlıq maliyyəyə ehtiyac var. Layihənin özəl investorların, xeyriyyəçilərin, dövlət məmurlarının, dövlət qrant və subsidiyalarının köməyi ilə maliyyələşdiriləcəyinə ümid edilir. Təqdimat videoları və konsept şəkilləri gözəl və perspektivli görünsə də, hər yerdə yüksək texnologiyanın istifadə edildiyi bir şəhər qurmaq asan deyil.
Bu arzunun necə gerçəkləşəcəyini isə zaman göstərəcək …
Follow @7timesaz