Dünya

“Bu soyad xoşuma gəlir…” – Stalinin soyadına görə vəzifə verdiyi Qromıko Qorbaçova necə aldandı?

“Bu soyad xoşuma gəlir…” – Stalinin soyadına görə vəzifə verdiyi Qromıko Qorbaçova necə aldandı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1930-cu illərdə İosif Stalinin həyata keçirdiyi “böyük təmizlik” çoxlarının vəzifə karyerasına, hətta həyatına son qoysa da, digərləri üçün “yaşıl işıq” yandırıb. Boş qalan vəzifələrə yeni təyinatlar üçün xüsusi komissayalar yaradılıb. Ümumilikdə bu komissiyaların işinə Vyaçeslav Molotov və Georgi Malenkov nəzarət edib. Komissarlıqların (nazirliklərin) mərkəzi aparatına namizədləri isə onlar şəxsən qəbul ediblər. Seçimdən sonra siyahı hazırlanaraq Stalinə təqdim edilib, son qərarı o verib.

SSRİ-də rekord həddə, 28 il Xarici İşlər Nazirliyində nazir vəzifəsini tutan Andrey Qromıkonun vəzifəyə təyinatının isə daha maraqlı tarixçəsi olub. O da digərləri kimi söhbət üçün komissiyaya çağrılıb, Molotovun sorğu-sualından sonra onun adı siyahıya salınaraq Stalinin iş masasının üzərinə qoyulub. Stalin siyahını nəzərdən keçirərkən Qromıkonun adı üzərində dayanıb: “Bu soyad mənim xoşuma gəlir”.

Beləliklə, Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında (nazirliyində) Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb. 

Andrey Qromıko qısa müddət ərzində öz işinin bilicisi kimi tanınıb, Kremlin etibar edəcəyi siyasətçi kimi dövlətin siyasi kursunun müəyyənləşdirilməsində əsas söz sahiblərindən birinə çevrilib. Bunun nəticəsi olaraq o, şəxsən Stalinin təşəbbüsü ilə Vaşinqtona səfir təyin edilib, Amerika Birləşmiş Ştatları ilə çox da isti olmayan münasibətlərin yaxşılaşdırılması kimi vacib bir məsələ məhz ona həvalə edilib. İkinci dünya müharibəsi ərəfəsində Amerika ilə SSRİ arasında əsas körpü rolunu oynayan Qromıko bir çox əhəmiyyətli siyasi tədbirlərin, o cümlədən Yalta görüşünün təşkilatçılarından biri olub.

1946-1948-ci illərdə SSRİ-nin BMT-də daimi nümayəndəsi olan Qromıko 1949-cu ildə SSRİ xarici işlər nazirinin birinci müavini təyin edilib.

Stalinin hakimiyyəti illərində kifayət qədər nüfuz qazanan Qromıkonun siyasi elitada mövqeləri Xruşov hakimiyyətə gəldikdən sonra daha da möhkəmlənib.

1957-ci ilin fevral ayında SSRİ xarici işlər naziri Dmitri Şepilov Mərkəzi Komitəyə katib vəzifəsinə keçdikdən sonra yeni nazirin kim olacağı məsələsi bir neçə gün əsas müzakirə mövzularından birinə çevrilib. Sözsüz ki, bu vəzifəyə göz dikənlərin sayı çox olub. Sonda Xruşov keçmiş nazirdən, Şepilovdan namizədlərdən kimə üstünlük verdiyini soruşanda, o, tərəddüd etmədən cavab verib: Andrey Qromıko. 

Beləliklə, Andrey Qromıko 1957-ci il fevralın 15-də SSRİ-nin xarici işlər naziri təyin edilib. Bu təyinatın ömrü düz 28 il, 1985-ci ilə kimi davam edib.

Qromıko heç vaxt Kreml daxilindəki intriqalara girişməyib, siyasi oyunların iştirakçısına çevrilməyib, adı qalmaqallı hadisələrdə hallanmayıb. Üzündə çox nadir hallarda təbəssüm görünən Qromıko Kreml məmurlarına onun işlərinə müdaxilə etməyə də heç vaxt imkan verməyib. 

SSRİ-nin siyasi elitasının ən nüfuzlu simalarından biri sayılan Qromıko xarici ölkələrdə də ciddi fiqur kimi tanınıb. Onun xarici ölkələrə səfəri zamanı həmin ölkələrin rəsmiləri Qromıko ilə görüşə çox ciddi şəkildə hazırlaşıblar. Həmkarları da yaxşı biliblər ki, Qromıko ilə ümumi dil tapmaq çətin məsələdir, onun istəyinə zidd getmək mümkün olmayan işdir. Məhz bu xarakterinə görə dünya diplomatlarının arasında yarızarafat, yarıgerçək belə bir fikir də formalaşıb:

“Əgər diplomat “hə” deyirsə – bu “ola bilər” deməkdir, əgər “ola bilər” deyirsə – bu “yox” deməkdir, əgər “yox” deyirsə – bu artıq Andrey Qromıkodur…”

Təsadüfi deyil ki, xarici həmkarları Qromıkonu “Cənab Yox” adlandırıblar. Qromıko isə bu cür atmacalara soyuqqanlı yanaşıb:

“Mən onların “nou”larını çox eşitmişəm, qoy indi də onlar mənim “yox”larıma qulaq assınlar…”

Qromıko olduqca təmkinli və səbrli bir siyasətçi olub. O, xarici səfərlərindəki görüşlərdə bir məsələ haqqında uzun-uzadı müzakirələr aparmaqdan yorulmayıb. Hətta bəzi hallarda bu “lənglik” qarşı tərəfin narazılığına, qıcığına səbəb olub. Sovet diplomatı isə təmkinin pozmadan həmkarlarını bir cümlə ilə sakitləşdirməyi bacarıb:

“Bir gün müharibədənsə, 10 il danışıqlar aparmaq daha yaxşıdır…”

Qromıkonun bu ifadəni işlətməsi də təsadüfi olmayıb. O, sovet-alman müharibəsi zamanı 3 qardaşını itirib.

SSRİ dövründə Qromıko yeganə məmurlardan olub ki, o, Stalin kimi ziddiyyətli, Xruşov kimi anlaşılmaz, Brejnev kimi qeyri-müəyyən, Andropov kimi sərt, Çernenko kimi hiss olunmayan rəhbərlərlə dil tapmağı bacarıb. Daha dəqiq ifadə etsək, onları yola verə bilib. Yəqin ki, elə bunun üçün də əsl diplomat olmaq lazım imiş. Andrey Qromıko kimi…

1980-ci illərdə Qromıkonun bir neçə dəfə baş katib olmaq şansı yaranıb. Andropovun vəfatından sonra ona birinciliyə sahib olmağa Siyasi Büronun əsas fiqurları olan Ustinov, Tixonov və Çernenko mane olub. Aralarında xoş münasibətlər olsa da Kreml “qoca”ları baş katib kürsüsünə Çernenkonu məsləhət görüblər.

İkinci şans Çernenkonun vəfatından sonra yaranıb. Qeyri-rəsmi şəraitdə onun namizədliyi irəli sürülündə Qromıko özü geri çəkilib. Bunun səbəbi isə Qorbaçovla Qromıkonun gizli görüşü olub. Qorbaçov Qromıkodan onun namizədliyinin irəli sürməsini xahiş edib və bildirib ki, baş katib seçiləcəyi təqdirdə, o da SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçiləcək. Ssenari baş tutub. Qromıko Qorbaçovun baş katib seçilməsinin əsas təşəbbüskarı olub. Qorbaçov baş katib seçildikdən sonra isə Qromıko SSRİ Ali Soveti Rəyasət heyətinin sədri kürsüsündə əyləşib. 

Amma hiyləgər Qorbaçov sözünün üstündə sona qədər dayanmayıb. O, Qromıkonu siyasi səhnədən uzaqlaşdırmaq üçün fərqli bir vasitəyə əl atıb. Belə ki, 1988-ci ildə 19-cu partiya konfransında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinin statusuna yenidən baxılıb və qərara alınıb ki, bu vəzifənin adı SSRİ Ali Sovetinin sədri olmalıdır və həm də bu vəzifəni hakim partiyanın rəhbəri tutmalıdır. Yəni, Sov.İKP MK-nın baş katibi. Bununla da Qromıko avtomatik olaraq oyundan kənar vəziyyətdə qalıb. O, Mərkəzi Komitənin plenumuna könüllü istefası ilə bağlı ərizə təqdim edib.

Bütün vəzifələrindən azad olunduqdan sonra Qromıko Siyasi Bürodan ona bağ evinin, avtomobilin və bir nəfər köməkçinin verilməsini xahiş edib. Qorbaçov bu dəfə öz “səxavətin”i diplomatdan əsirgəməyib. Qromıkonun xahişi təmin edilib. Amma uzun müddət ona verilən avtomobildə gəzmək, bağ evində yaşamaq, köməkçinin xidmətlərndən istifadə etmək Qromıkoya nəsib olmayıb. Vəzfəsindən “könüllü” istefasından sonra Qromıko cəmi 9 ay yaşayıb. O, 1989-cu ildə, 79 yaşında vəfat edib.

Gündem.az