Dünya

Dünya yenidən sərt karantin rejiminə qayıdır…

Təcili tədbirlər görülməlidir.

Dünya yenidən sərt karantin rejiminə qayıdır…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyası ilə bağlı problemlər hələ də dünya miqyasında aktuallığını qoruyur. Xüsusən də bir sira məhdudiyyətlərin aradan qaldırılması, eləcə də tədris müəssisələrinin açılması, payız mövsümünün olması nəticəsində yoluxma saylarında gedərək artım tendensiyası müşahidə olunur. Bu səbəbdən ölkələr bir-birinin ardınca sərt karantin rejiminə qayıdır. Məsələn, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində İsveçrə hökuməti təhlükəsizlik qaydalarını daha da sərtləşdirib.

Oktyabrın 19-dan etibarən İsveçrədə ictimai məkanlarda 15-dən artıq şəxsin toplaşması qadağandır. Eyni zamanda, ölkə sakinləri şəxsi təmasları minimuma endirməyə çağırılıblar. Vəziyyəti olduqca ciddi qiymətləndirən İsveçrə Konfederasiyasının prezidenti Simonetta Sommaruqa bildirib ki, ölkədə tibbi maskalardan istifadə öhdəlikləri də sərtləşdiriləcək. İndiyədək ictimai nəqliyyat vasitələrinə şamil olunan bu öhdəlik bütün növ ticarət obyektləri, kafe və restoranlar, eləcə də muzeylərə də aid ediləcək. Eyni zamanda, vağzallar, hava limanları və dayanacaqlarda da insanlar tibbi maskalardan istifadə etməyə məcbur olacaqlar. Qeyd edək ki, İsveçrədə koronavirusa gündəlik yoluxma sayı 2600 nəfərə çatıb. Fransa hökuməti də bildirib ki, ölkədə koronavirus pandemiyasının ikinci dalğası başlayıb. Buna görə də, paytaxt Paris başda olmaqla, ölkənin bir sıra şəhərlərində axşam saat 21:00-dan səhər saat 06:00-a kimi küçəyə çıxmaq qadağası tətbiq olunur. Almaniya kansleri Angela Merkel də bəyan edib ki, pandemiyaya nəzarəti ələ keçirmək üçün təcili tədbirlər görülməlidir. Kansler ölkənin pandemiya ilə mübarizədə kritik mərhələdə olduğunu və önümüzdəki həftələrdə insanların necə davranacağından asılı olaraq vəziyyətin dəyişə biləcəyini vurğulayıb. Merkel virusa yeni yoluxma hallarının sayındakı artımdan narahat olduğunu deyib.

Ümumiyyətlə, Avropa və ABŞ-da vəziyyət kritikdir. Azərbaycana yaxın bölgələrdə də durum pisləşməyə doğru gedir. Məsələn, İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib ki, 31 əyalətdən 30-u qırmızı və risqli bölgələr siyahısındadır. Yoluxma hallarının artması səbəbindən, paytaxt Tehran da daxil olmaqla, Qum, Qəzvin və Əlburz əyalətlərində yenidən karantin məhdudiyyətləri qüvvəyə minib. Rusiya, Gürcüstan, Türkiyə də karantin rejimini sərtləşdirir. Qazaxıstanda da koronavirusa yoluxanların sayı artır. Şərqi və Qərbi Qazaxıstanda koronavirus infeksiyasının artması səbəbindən karantin şərtləri sərtləşdirilib. Xatırladaq ki, bundan əvvəl Nur-Sultan, Manqışlaq, Atırau, Şimali Qazaxıstan bölgələrində və Almatıda sanitariya tədbirləri gücləndirilib. Pavlodar bölgəsində karantin sərtləşdirilib. Ukraynada isə koronavirusa yoluxanların sayı 300 min nəfəri keçib. Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb. Bu səbəbdən Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Ümumdünya Səhiyyə Təşkilatı da vəziyyəti kritik qiymətləndirir. Qurum bildirir ki, koronavirusu mövsümi xəstəlik saymır. Təşkilatın Kəskin Xəstəliklər Bölməsinin Texniki Qrupunun rəhbəri Maria van Kerkhovenin sözlərinə görə, ümumiyyətlə, yoluxucu infeksiya dalğaları müzakirə olunduqda, bu cür xəstəliklərin qripdə olduğu kimi mövsümi olduğu görünür: “Amma biz hələ ki, bu virusda mövsümilik görmürük. O hər şəraitdə, iqlimdə və bölgələrdə dövr edir”. Van Kerkhove bəzi ölkələrdə infeksiya sayının artmasının məhdudlaşdırıcı tədbirlərin götürülməsi ilə əlaqəli olduğunu izah edib. Belə ki, səlahiyyətlilər yoluxmanın pikini azalda və infeksiyanın yayılmasını nəzarət altına ala bilir, lakin karantin yumşaldıqdan sonra xəstəlik yenidən yayılır. Azərbaycanda olan vəziyyət əksər dünya ölkələrindən xeyli yaxşıdır. Bu, istər müalicə prinsipində, istər xəstəliyin nəzarətdə saxlanılmasında özünü göstərir. Lakin belə bir vəziyyətdə məsuliyyət daha çox vətəndaşların üzərinə düşür. İndi bu sahədə müəyyən problemlər olduğundan və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində ölkəmizdə də bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Lakin ekspertlər qeyd edir ki, istənilən halda, yenə də vətəndaş məsuliyyəti ön planda olmalıdır. Bunun üçün maska taxmalı, ara məsafəsi saxlamalı, gigiyena qaydalarına əməl edilməlidir. İndilikdə ölkəmizdə də rəqəmlərdəki artım insanlar arasında həyəcan təbili çalmağa əsas verir. Vətəndaşlar buna əhəmiyyət verməsələr, sonradan gec ola bilər. bakixeber.com