Bu gün Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.
Maliyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Komissiyanın qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan sədr, maliyyə naziri Samir Şərifov müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam etdiyini, bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, indiyədək Komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların sayı 5 min 471 nəfər təşkil edib ki, onlardan 2 min 712 hərbi qulluqçu Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində mənzillərlə təmin olunublar.
Komissiyanın iclasında sözügedən Fərmanın icrası olaraq mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların 461 nəfərinə Bakı və Sumqayıt şəhələrində, habelə Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərin verilməsi barədə qərar qəbul edilib. Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında növbəti 1461 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb. Beləliklə, bugünkü tarixə mənzil növbəsində olan hərbi qulluqçuların ümumi sayı 3 min 759 nəfərə çatıb.
İclasda, həmçinin Komissiyanın fəaliyyətinə dair digər məsələlərə baxılıb.
Follow @7timesaz