Cəmiyyət

Sentyabr şəhidi Murad Rəsulovun DÖYÜŞ YOLU – Ailəsinin arzusu reallaşacaqmı? – FOTO/VİDEO

Sentyabr şəhidi Murad Rəsulovun DÖYÜŞ YOLU – Ailəsinin arzusu reallaşacaqmı? – FOTO/VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muradla ailəlikcə fəxr edirik. Fəxr edirik ki, Vətənə belə layiqli övlad böyütmüşük.”

Bu sözləri sentyabr döyüşlərində şəhid olan Şabran sakini Murad Rəsulovun atası İlqar Rəsulov Bizim.Media-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ailənin böyük oğlu, 22 yaşlı Murad Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən üç döyüş əməliyyatında iştirak edib. Muradın döyüş yolu isə Vətən Müharibəsindən başlayıb:

“Murad onda H.Əliyev adına Hərbi İnstitutun Motoatıcılıq fakültəsinin 4-cü kursunda oxuyurdu. Müharibə başlayanda könülllü olaraq ərizə yazıb, döyüşlərə qatılan oğlum 44 günlük Vətən savaşında Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edib. Daha sonra İnstitutun 4-cü kursunda təhsil almağa davam edib. Murad Vətən Müharibəsində kiçik leytenant hərbi rütbəsi alıb və çalışdığı hərbi hissədə 1-ci taqım komandiri kimi döyüşlərə qatılıb”.

Şəhid atası qeyd edib ki, oğlu hərbi təhsilini başa vurduqdan sonra, 2021-ci ilin sentyabr ayında Müdafiə Nazirliyinin işğaldan azad olunmuş ərazilərində yerləşən hərbi hissələrinin birində 2-ci taqım komandiri vəzifəsində çalışıb.

“Həmin il noyabr ayının 16-da Murad Rəsulov Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısının alınması məqsədi ilə keçirilən əməliyyatda da iştirak edib. 10 yaralı, 7 şəhid verdiyimiz həmin əməliyyatda Murad xüsusi şücaət göstərib”.

İlqar Rəsulovun sözlərinə görə, oğlunun sonuncu döyüş əməliyyatı 12-13 senyabr 2022-ci ildə mənfur düşmənin genişmiqyaslı sərhəd təxribatının qarşısının alınması istiqamətində keçirilən əməliyyatdır. Həmin əməliyyatlarda Murad qəhrəmancasına şəhid olub.

Murad Rəsulov döyüş əməliyyatlarındakı şücaətlərinə görə, Prezident İlham Əliyev tərəfindən”Qubadlının azad olunmasına görə”, “İgidliyə görə”,”Vətən uğrunda” döyüş medalları və “Rəşadət “ordeni ilə təltif edilib.

Rəsulovlar ailəsinin istəyi isə yerinə yetirilmək üzrədir. Şəhid atasının sözlərinə görə, Şabran şəhərindəki Şəhidlər Xiyabanında uyuyan 22 şəhidin məzarı yaxşı vəziyyətdə deyil. O bununla bağlı icra başçısına müraciət edib. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Muradın məzarı da daxil olmaqla, bütün şəhid məzarlarının qəbirüstü abidələrinin mərmərdən hazırlanacağına söz verib.

Şabran Rayon İcra hakimiyyəti də şəhid atası İlqar Rəsulovun Şəhidlər Xiyabanı ilə bağlı söylədiklərini təsdiq edib.

Şabran İH başçısının 1-ci müavini Hüseyn İlyasov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Şabran şəhərində yerləşən Şəhidlər Xiyabanındakı şəhid məzarlarının mərmərdən hazırlanması icra hakimiyyəti rəhbərliyinin diqqətindədir:

“Bu iş şəhid atası İlqar Rəsulovun müraciətindən sonra daha da sürətlənib. Artıq burada dəfn efilən 22 şəhidin şəkilləri sifariş verilib. Yaxın günlərdə Murad Rəsulovun və digər şəhidlərin qəbirüstü abidələri mərmərdən hazırlanmış şəkildə yenilənəcək”.

Sonda isə İlqar Rəsulov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailələri adından minnətdarlığını bildirib.