Azərbaycan hər il böyük məbləğdə vəsait xərcləyərək xaricdən yeyinti məhsulları alır. Yeyinti məhsullarını aldığımız ölkələrin siyahısı geniş deyil. Daha çox yeyinti məhsulunu yaxın və qonşu ölkələrdən alırıq.
Bəs mühüm növ məhsulları daha çox hansı ölkələrdən idxal edirik?
7Times.az xəbər verir ki, 2021-ci ildə ölkəmizə 36,5 milyon dollar dəyərində 51,5 min ədəddən çox diri heyvan gətirilib. Diri heyvanların 38,2 min ədədi, yəni 74 faizi Gürcüstandan alınıb. Daha 5,5 min diri heyvan Ukraynadan, 2,6 min heyvan Avstryadan alınıb.
Diri heyvanlarla bərabər iribuynuzlu heyvan əti və quş əti də idxal edilir. İribuynuzlu heyvan əti daha çox Ukraynadan gətirilir. Ötən il gətirilən iri heyvan ətinin 63,2 faizi Ukraynanın, 20 faizi Belarusun, 11 faizi Hindistanın payına düşüb.
Azərbaycana quş ətinin idxalında da lider ölkə Ukraynadır. Bir ildə Ukraynadan 21 min ton və ya ümumi idxalın 67,7 faizi qədərində quş əti alınıb. Rusiyadan 4,18 min ton, Türkiyə və Belarusun hər birindən 1,9 min ton quş əti idxal edilib.
Azərbaycan balıq idxalında 3 ölkədən asıldır. Bunlar Rusiya (3,1 min ton), İslandiya (2,565 min ton) və İrandır (2,11 min ton). Üç ölkə Azərbaycanın idxal balığına olan tələbatının 68 faizini ödəyir.
Kərə və süddən hazırlanan digər yağların idxalında Yeni Zelandiya önə çıxır. Ötən il idxal etdiyimiz 15 min ton yağın 7,14 min tonu Yeni Zelandiyadan, 2,95 min tonu Ukraynadan, 1,75 min tonu Belarusdan alınıb.
Yeyinti məhsulları arasında tərəvəzə çəkilən xərc də böyükdür. Tərəvəzlər arasında daha çox pul kartof idxalına xərclənir. Ötən il 215 min ton kartof idxal etmişik ki, bunun da 165 min tonu İranın, 26,4 min tonu Rusiyanın, 10,4 min tonu Gürcüstanın payına düşüb.
Digər tərəvəz məhsullarının idxalında da İranın payı daha böyükdür.
Təzə meyvə idxalına bir ildə 117 milyon dollardan artıq vəsait sərf edilib. Meyvə idxalında lider ölkə Ekvadordur. Cənubi Amerikanın bu ölkəsindən 51 min ton, yəni ümumi meyvələrin 41 faizini almışıq.
Türkiyə və İrandan da xeyli meyvə idxal edilib. Türkiyədən 27,2 min ton, İrandan 23,7 min ton meyvə alınıb.
Digər mühüm qida məhsullarından çayı Şri-Lankadan, buğdanı Rusiyadan, düyünü Hindistandan, bitki yağlarını Rusiya, İndoneziya, Malayziya və Argentinadan, şəkər xammalını Braziliyadan, şokaladı Rusiyadan, unlu qənnadı məmulatları Rusiya və Türkiyədən, mineral və qazlı suları Rusiya və Gürcüstandan alırıq.
Follow @7timesaz