Oqtay Qasımov: “İran Azərbaycana qarşı hər hansı təhdid yaradarsa, qarşısında Türkiyəni görəcək”
“Baş verən hadisələrdə yeganə müsbət hal odur ki, İranın iç üzü tam şəkildə Azərbaycan cəmiyyətinə aydın oldu”
“ABŞ və Fransa İranın Ermənistanda fəallaşmasına, Qafanda konsulluq açmasına və İrəvana hərbi dronlar satılması planlarına reaksiya vermirlərsə, deməli, proseslər həm də o qüvvələrin dəstəyi ilə baş verir”
Son iki ildə, xüsusilə də Azərbaycanın 44 günlük savaşdakı qələbəsindən sonra Tehranla Bakı arasında münasibətlərin hamar olmadığı, İranın Zəngəzur dəhlizinə qarşı çıxması, açıq şəkildə Ermənistanı dəstəkləməsi, Azərbaycana qarşı təhdid dili ilə danışması sirr deyil. Son günlər isə İran hətta Araz boyu və Xudafərin körpüsü ətrafında hərbi təlimlər keçirməklə ölkəmizi açıq təhdid edir. Tehranın belə aqressivləşməsinin səbəbləri Azərbaycanda heç kimə sirr deyil. İranın anti-Azərbaycan fəaliyyəti və Ermənistanı açıq dəstəkləməsi 1991-ci ildən müşahidə edilən prosesdir. Amma budəfəki gərginlik fonunda Azərbaycanın İranla onun anlayacağı dildə danışmaq, ona öz yerini göstərmək xəttini seçdiyi də açıq görünür. Odur ki, bu gərginliyin hansı həddə qədər davam edəcəyini proqnoz etmək çətindir.
“AzPolitika.info” bu mövzunu politoloq Oqtay Qasımovla müzakirə edib:
– Oqtay bəy, hazırda İranla Azərbaycan arasında gərginliyin demək olar, pik mərhələsi yaşanır. Sirr deyil ki, mərhum Prezident Əbülfəz Elçibəy iqtidarı dövründə Tehranla Bakı arasında daha böyük gərginlik olub. Sabiq prezidentin köməkçisi olaraq bir zamanlar bu gərginliyin mərkəzində olmuş biri kimi hazırda yaşananları necə qiymətləndirirsiniz?
– İran-Azərbaycan münasibətləri ölkəmizdə kimin hakimiyyətdə olmasından asılı olan məsələ deyil. Ümumən İran Azərbaycan dövlətinin mövcudluğunda maraqlı deyil, olmayıb və gələcəkdə də olmayacaq. Bu münasibət 1918-ci ildə də, indi də dəyişməz olaraq qalır. İranın ali hərbi məktəblərində, o cümlədən bir çox universitet dərsliklərində Azərbaycanla bağlı hissədə qeyd olunur ki, belə bir dövlətin mövcudluğu İran dövlətinə təhdiddir. Bunun da bir neçə səbəbi var. Bunlardan ən əsası odur ki, İranda yaşayan 40 milyona yaxın soydaşımızın elementar hüquqları təmin olunmur, ana dilində təhsil almaq, öz dilində mətbuat yaratmaq hüquqları yoxdur. O baxımdan İranın Azərbaycana münasibəti Cumhuriyyət dövründən başlayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da dəyişməyib və onun dəyişməsi ehtimalı da yoxdur.
İran məktəblərindəki tarix dərslərində “Şahnamə”dəki mif və əsatirlərə əsaslanan yalançı İran-Turan savaşı, “Cəngi farsi Turan” başlığı ilə türk düşmənçiliyi hələ də tədris edilməkdədir. Təsadüfi deyil ki, İran Azərbaycan müstəqilliyini elan etdikdən yalnız 70 gün sonra – dekabrın 26-da bizim müstəqilliyimizi tanıyıb. Ondan sonrakı dövrdə İran Azərbaycanda öz təsirini artırmaq üçün burada casus şəbəkələri formalaşdırıb, onların vasitəsi ilə Azərbaycan dövlətini təsir altına almağa çalışıb. Bu da əsasən 1990-cı ilin ortalarında ölkəmizdə vəziyyət çətinləşdiyi, savaşın getdiyi, 1 milyona yaxın qaçqınımız olduğu dövrdə daha da güclənib. İran humanitar yardım adı ilə bura emissarlar göndərib, eləcə də Azərbaycan gənclərini Qumda dini təhsil almağa aparıb. Təəssüflər olsun ki, İran onların bir qismini xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edərək, özünün agentura şəbəkəsini yaradıb. Azərbaycan dövləti gücləndikcə bu cür məsələlərə öz reaksiyasını ortaya qoyub.
Mən çox yaxşı xatırlayıram, Əbülfəz Elçibəyin dövründə, 1993-cü ilin qışında aparılan əməliyyat nəticəsində İranın böyük agentura şəbəkəsi həbs olundu. İctimaiyyətə açıqlanmasa da, o dövrdə İranla Azərbaycan arasında gərginliyin bir səbəbi də bununla bağlı idi. Ondan sonrakı dövrdə mərhum Heydər Əliyevin İran rəhbərlərinə cavabı və Xəzər dənizinin Mazandaran gölü adlandırılmasına reaksiyası yadımızdadır. İranın 2001-ci ildə Azərbaycan dövlət sərhədlərini təyyarələrlə pozmasını və Xəzərdəki sektorumuza müdaxilə etdiyini də yaxşı xatırlayırıq. İranın Ermənistan-Azərbaycan müharibəsindəki rolu, Şuşanın işğalındakı fəailiyyəti, Ermənistana verdiyi hərbi-siyasi, sosial-iqtisadi dəstək də gözümüz önündə olub. Təsadüfi deyil ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan və digərləri İranı Ermənistan üçün nəfəslik adlandırırdı. Tehranın bu siyasəti indiyə qədər dəyişməyib.
Biz İranın Qarabağ ərazisində ermənilərin törətdiyi vandalizmə şərik olduğunu, hansı şirkətlərinin işğal altında olan ərazilərimizin tikinti materiallarının sökülüb talanmasında iştirak etdiyini bilirik. Şuşadakı Gövhərağa məscidi və İrəvandakı Azərbaycan məscidini fars abidəsi kimi təmir etməsini və Ermənistanın cinayətlərini ört-basdır etməsini də görmüşük. Eləcə də 44 günlük savaşın ilk günlərində İran Xarici İşlər Nazirliyinin səsləndirdiyi bəyanatla da tanışıq. Həmin bəyanatda Azərbaycan və Ermənistan arasında bərabərlik qoyulmuşdu. Bundan başqa, Azərbaycan Ordusunun Zəngilan istiqamətində həyata keçirdiyi əks-hücum zamanı İran ordusunun qarşımızda dayanaraq əməliyyatı bir sutka ləngitməsini, ordumuzun radioelektron siqnallarını pozmaq üçün müdaxilə cəhdlərini, ordumuzun koordinatlarının Ermənistan tərəfə ötürməsini və bütün bunların əlavə itkilərə səbəb olduğunu da yaxşı xatırlayırıq. Bundan başqa, işğal dövründə təmas xəttində Ermənistan tərəfindən müdafiə səngərləri, tunel və bunkerlərin tikilməsində İranın iştirakını da bilirik.
Azərbaycana münasibəti dəyişməyən İran 44 günlük savaşdan sonra Azərbaycan ərazilərinin işğaldan azad edilməsini “islam torpaqlarının azad edilməsi” kimi təqdim etməyə başladı. Bu açıqlamaları savaşın taleyinin həll olunduğu zaman – Hadrut, Zəngilan, Cəbrayıl və digər ərazilərimiz azad olunduqdan, iki gün ərzində 132 kilometrlik İranla sərhədimiz nəzarət altına alınandan sonra verməyə başladılar.
Savaş bitəndən sonra bölgədə sülh və əməkdaşlıq mühitinin yaranması üçün Bakıda keçirilən Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri tərəfindən Güney Qafqazda 3+3 formatında əməkdaşlıq platforması təklif edildi və həmin ilin dekabrında Moskvada bu formatda ilk görüş keçirilərək, bu təklif ətrafında müzakirələr aparıldı. Lakin bundan sonra da İran öz iddialarından əl çəkmədi, Azərbaycana qarşı təxribatları davam etdirdi. Bunu keçən il tam çılpaqlığı ilə gördük. İran Xankəndindəki separatçı quruma yanacaqla dolu yük maşını karvanları, digər məhsullar göndərirdi. Savaş zamanı İran ərazisindən Ermənistana hərbi yüklərin daşındığı həqiqəti də ortada idi. Bütün bu pisliklər öz yerində, amma hazırda İranın Azərbaycana belə düşmən münasibətinin üç yeni səbəbi də var ki, bunları da nəzərə almalıyıq.
– Hansı səbəbləri nəzərdə tutursunuz?
– Birincisi, 132 kilometrlik Azərbaycan sərhədlərini tam nəzarətə götürməyimizdən sonra, vaxtilə işğal edilən ərazilərdən sanksiyalardan yayınmaq üçün “boz zona” kimi istifadə edərək, oradan qaçaqmalçılıq yolu ilə narkotik və nüvə tullantıları daxil bir çox malların daşınması imkanı İranın əlindən çıxdı. Orada narkotik ticarəti ilə məşğul olub külli miqdarda gəlir əldə edərək həm Azərbaycanda, həm də Yaxın Şərqdə öz agentura şəbəkəsini dəstəkləyirdi. İndi bu imkanlar əldən çıxıb. Buna görə İran qəzəblidir.
İkincisi, Azərbaycanın işğal altındakı ərazilərini azad etməklə Güney Qafqazda yeni reallıq yaratmasıdır. Çünki Qarabağ məsələsi Azərbaycanın inkişafının qarşısını alan ən böyük problem və İranın təzyiq imkanlarından biri idi. Ancaq Azərbaycan bu buxovları qırıb ataraq yeni reallıqlar yaratdı.
Üçüncüsü, Azərbaycanın geostrateji əhəmiyyətinin artmasıdır. Azərbaycan Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsidir. Pekini Londonla bağlayan Şərq-Qərb dəhlizinin orta xətti də Azərbaycan üzərindən keçir. O cümlədən Zəngəzur dəhlizi də buna daxildir. İran isə bunu qəbul etmək istəmir. İstəyir ki, Ermənistanla Azərbaycan arasında münaqişə, gərginlik davam etsin və Tehran bundan faydalansın. Çünki bu halda böyük maliyyə vəsaiti gətirəcək daşınmalar İran üzərindən həyata keçiriləcək. Bu da öz növbəsində Azərbaycanın ayaqlarına buxov vurulması deməkdir ki, İran bu prosesdə fəal iştirak edir.
– Sizcə, İran Araz çayı boyunca hərbi təlimlər keçirməklə hansı mesjları verir?
– Bəli, Araz boyu təlimlər keçirir, guya körpü yaradaraq çayı keçir, yüksəkliklər götürürlər və s. Sual edilir: İran son 30 ildə ərazilərimiz işğal ediləndə və 132 kilometrlik sərhəd bizim nəzarətimizdən kənarda olanda nədən bunu “qırmızı xətt” elan etmirdi? Sərt yox, nədən heç olmasa yumşaq diplomatik səslə Ermənistana etirazını bildirmirdi? Sözsüz ki, bildirməzdi, çünki özü bu işğalı dəstəkləyirdi və onun maraqlarına zəif Azərbaycan uyğun gəlirdi. İranın son ilyarımda keçmiş dövlət adamları və diplomatlarının dili ilə ölkəmizə təhdidlərini, buranın guya “Şimali İran” olmasına dair cəfəngiyyatlarını eşidirik.
Bu təlimlər kimisə qorxuda, çəkindirə bilməz. Guya bizə təzyiq etmək istəyirlər. Tehran anlamalıdır ki, bu təhdidlər keçməyəcək. Azərbaycan nə 30 il əvvəlki, nə də 5 il əvvəlki dövlətdir. Azərbaycan iki il əvvəl böyük hərbi qələbə qazanan, müasir və güclü ordusu olan bir dövlətdir. Eyni zamanda, Azərbaycan Şuşa Bəyannaməsinin timsalında Türkiyə ilə müttəfiqlik quran dövlətdir. Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinin yanındadır. Azərbaycana İran tərəfindən hər hansı bir təhdid yaranarsa, qarşısında Türkiyəni görəcək. Həmçinin, Pakistanı da görəcək. Odur ki, bu təhdidlər işə yaramayacaq.
Xatırladım ki, bir il əvvəl ölkə prezidenti Xudafərin körpüsünün yanından verdiyi mesajda bildirdi ki, Azərbaycana qarşı heç bir şantaj qəbul olunmayacaq, ölkəmizə qarşı təxribatlara adekvat cavablar veriləcək. İran bölgədə sabitlik, Azərbaycanla normal əlaqələr istəyirsə, yaxşı düşünməlidir. Amma biz görürük ki, Tehran Ermənistan-İran-Hindistan platforması qurmağa çalışır, guya Hörmüz körfəzilə Qara dənizi əlaqələndirmək haqda danışır. Özünü doğrultmayacaq bu layihə haqda fikirləri 25 ildir eşidirik. Əvvəlla, Ermənistan ərazisindən keçən həmin yollar mürəkkəb relyefə və sərt iqlimə malik dağlıq ərazidən keçməlidir. O ərazidən yüksək keyfiyyətli nəqliyyat dəhlizi yaratmaq, böyük həcmdə yüklər daşımaq mümkün deyil. Digər tərəfdən bu kommunikasiya xəttini yaratmaq üçün İranın və Ermənistanın yetərli maliyyə vəsaitləri də yoxdur. Və nəhayət anlamaq lazımdır ki, Ermənistan Qara dənizə sahil dövlət deyil. Bu xətt sonda Gürcüstan üzərindən keçməlidir və həmin sərt dağlıq ərazilərdə yol infrastrukturu qurulmalıdır. Qısası, bu ideya utopiyadır.
İran və Ermənistan Avropaya çıxmaq istəyirsə, bunun ən münasib variantı Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurmaqdan keçir. Çünki bu halda Azərbaycan ərazisində olan müasir infrastruktur imkanlarından istifadə edərək Türkiyə üzərindən Qara dənizə çıxa bilərlər. Amma təəssüf ki, İran tamam başqa yol seçib, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına qarşı çıxır. Belə təəssürat yaranır ki, sanki Tehran münaqişədə olduğu ABŞ və Fransa ilə bərabər Rusiyanın tapşırıqlarını yerinə yetirir.
Qafan şəhərində konsulluğun açılmasına gəldikdə, bunu çox da ciddi və nəticəli bir hadisə saymazdım. Əlbəttə, İran orada özünün casus şəbəkəsini qurmağa və guya Ermənistana dəstək verməyə çalışacaq. Amma İran anlamalıdır ki, beynəlxalq öhdəliklər var, Ermənistan bu öhdəliklərdən qaça bilməz və Zəngəzur dəhlizi açılmalıdır. Bunun qarşısını almağa nə İranın, nə də Ermənistanın digər havadarlarının imkanı yetməyəcək. Son baş verən hadisələrdə yeganə müsbət hal odur ki, İranın iç üzü tam şəkildə Azərbaycan cəmiyyətinə aydın oldu. Bu günə qədər İrana müəyyən qədər müsbət münasibəti olan insanlarımızda da ciddi suallar yaranıb və münasibət dəyişir. İran bunu da anlamalıdır ki, burada yaratdığı 3-5 casus şəbəkəsi vasitəsilə Azərbaycan dövlətinə təzyiq edə bilməz.
– Yeri gəlmişkən, bizim İrana təzyiq resursumuzla, İranın bizə təzyiq rıçaqları nə dərəcədə bir-birinə uyğundur?
– İranın Azərbaycan ərazisindəki casus şəbəkəsinin heyəti maksimum minlərlə ölçülə bilər, amma Azərbaycanın İrana təsiri milyonlarladır. Sözgəlişi deyim ki, Azərbaycan Prezidentinin ötən gün Türk Dövlətlər Təşkilatının Baş katibini qəbul edərkən səsləndirdiyi fikirləri vaxtında verilən bəyanat kimi qiymətləndirirəm. Bu, ürəyimizdən gələn fikirlər olmaqla paralel, İrana ciddi mesajdır. İrana xatırlatma edilir ki, Azərbaycanla bağlı aqresiv davranışlarına son qoyub normal qonşuluq münasibətlərinə qayıtsın. Əgər keçirdiyi son təlimlərlə İran düşünürsə ki, Azərbaycanı qorxuda biləcək, tamamilə səhv edir. İran keçən ilki təlimlər zamanı boz qurd işarəsi göstərən əsgərlərini xatırlayıb bilməlidir ki, belə addım atacağı zaman o əsgərlərin silahları özünə qarşı çevriləcək.
Eyni zamanda düşünürəm ki, artıq zamanı gəlib, İsraildə səfirıliyimizi açmalı və Təl-Əvivlə münasibətlərimizi daha da gücləndirməliyik. Həmçinin, Türkiyə və Pakistanla münasibətləri üst səviyyədə inkişaf etdirməliyik. Həm də cəmiyyət və dövlət olaraq bundan sonrakı təhdidlərə və İranın, Fransanın, ABŞ-ın, Hindistanın, Ukraynada başı qarışmış Rusiyanın dəstəklədiyi Ermənistanın təxribatlarına hazır olmalıyıq. Çünki yaxın gələcəkdə təxribatların olması gözləniləndir.
– Bundan əvvəl Azərbaycan Zəngilanda hava limanı tikərkən Tehran etiraz və iddia edirdi ki, İsrailin burada hansısa fəaliyyəti var. Amma bütün etirazlara baxmayaraq, hava limanı tikildi və açılış mərasimi də oldu. Bundan sonra İran-Azərbaycan münasibətlərindəki gərginliyin necə inkişaf edəcəyini proqnozlaşdırmaq olar?
– Mən düşünmürəm ki, münasibətlər daha gərgin fazaya keçid edə bilər. Biz İranın belə davranışlarına öyrənmişik. İran diplomtiyası və siyasəti yalanlar üzərində qurulub, deyilənlərlə əməllər arasında böyük fərqlər var və biz bunu hər gün müşahidə edirik. Bu gərginliyin də bir nöqtəyə qədər davam edəcəyini və sonra sakitliyin yaranacağını gözləyirəm. Azərbaycan bu günə qədər İranın kapriz və şıltaqlıqlarına səbrlə yanaşıb, Tehranla xoş münasibətlərin olmasının tərəfdarı kimi çıxış edib. Keçən ilki gərginlikdən sonra Azərbaycan və İran prezidentlərinin Aşqabadda görüşü oldu, bundan sonra münasibətlər normallaşdı. Hətta bu ilin martında İranla Zəngəzur dəhlizinə paralel ikinci dəhlizin açılmasına dair memorandum imzaladıq. Lakin bilməliyik ki, İran da imzasına hörmət etməyən dövlətlərdəndir. Bir müddətdən sonra münasibətlərdə səngimə olacaq, İrandan “qardaşlıq”, “dindaşlıq” bəyanatları eşidəcəyik. Amma biz cəmiyyət olaraq İranın “şirin və yağlı” dillərinə aldanmayacağıq. İranın mövqeyini işğal dövrü, 44 günlük savaş zamanı və sonrasında görmüşük.
– Bundan əvvəlki gərginlik zamanı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər etdi. Lakin Azərbaycana qarşı Rusiyadan dəstək ala bilmədi. Bundan sonra Tehran tədricən “sakitləşməyə” başladı. Nədənsə indiki gərginliyə Moskvanın mövqeyi ifadə edilmir. Sizcə, bu dəfəki prosesə Rusiyanın münasibəti necədir?
– Bəli, ötən dəfəki gərginlik zamanı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov Abdullahianla görüşərkən bildirdi ki, regionda 3+3 formatında əməkdaşlıq imkanı açılıb və sərhədlərdə təlim keçirməyə ehtiyac yoxdur.
İndiki vəziyyətə gəldikdə isə deyim ki, Rusiya normalda Cənubi Qafqazda başqa ölkələrin belə davranışlarına dözməz, onun qarşısını almağa çalışardı. Amma indi görürük ki, Ermənistan üzərindən müəyyən oyunlar gedir və Rusiyanın Ukrayna savaşında zəif düşməsindən istifadə edən qüvvələr – ABŞ, Fransa və İran bölgədə Ermənistanla fəal əlaqələr qurur, Hindistan Ermənistanı silahlandırmağa çalışır. Hazırda Rusiyanın İranla sərtliyə gedəcəyini düşünmürəm. Ola bilsin ki, Rusiya və İran arasında müəyyən anlaşma da ola bilər. Rusiyanın İran vasitəsilə Türkiyəni Güney Qafqaz və Yaxın Şərqdə sıxışdırma niyyətində ola bilmə ehtimalı da var. Digər tərəfdən, Rusiya güclənməkdə olan Azərbaycanla müttəfiqi Türkiyə arasında əməkdaşlığın dərinləşməsindən narahatdır və mümkündür ki, İran vasitəsilə buna mane olmaq istəyir. Həm də indi Rusiyanın İrandan müəyyən asılılığı var, xüsusilə Ukrayna savaşı fonunda istifadə etdiyi PUA-lar mövzusunda. Son dövrlər hətta İran raketlərinin Rusiyaya veriləcəyi haqda məlumatlar yayılır. Rusiya bu baxımdan Tehranla açıq müstəvidə qarşıdurmaya getməz. Əksinə, mümkündür ki, İran Azərbaycan-Ermənistan mövzusunda Rusiyanın razılığı ilə bu cür mənfi rol oynayır.
Eləcə də İranın Azərbaycan və Türkiyəyə qarşı fəaliyyətində ABŞ da maraqlı ola bilər. Diqqət edirsinizsə, İran son zamanlar Ermənistana ayaq açan yüksək çinli ABŞ rəsmilərinin səfərlərinə etiraz etmir, hətta İrəvandan İran əleyhinə səslənən bəyanatlara da reaksiya vermir. Regionda kənar qüvvələrin iştirakını qəbul etməyəcəyini bəyan edən İranın Ermənistan ərazisində yerləşən ATƏT və Avropa İttifaqının missiyasına qarşı səsini çıxarmaması maraq doğurur. Azərbaycanda hansısa camış fermasında iz axtaran İran Ermənistanda NATO-ya bağlı olan Avropa Birliyi missiyasına təmkinlə yanaşır. Eyni zamanda, ABŞ və Fransa İranın Ermənistanda fəallaşmasına, Qafanda konsulluq açmasına və İrəvana hərbi dronlar satılması planları haqda fikirlərə reaksiya vermirlər. Deməli, proseslər həm də o qüvvələrin dəstəyi ilə baş verir. İran da onlardan güc alaraq Azərbaycan və Türkiyənin qarşısında dayanmaq istəyir.
İran Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla əlaqə qurmasını və oradan Türkiyəyə çıxış əldə etməsini, bu dəhliz vasitəsilə Türk Dünyasında münasibətlərin intensivləşməsinin əleyhinə olduğunu heç gizlətmir də. İran tərəfinin rəsmi siyasəti ondan ibarətdir ki, Ermənistandan Türk Dünyasına qarşı platsdarm kimi istifadə etsin. Ancaq İranın buna gücü çatmayacaq. İran bu davranışlarına qarşı adekvat münasibət görür və bundan sonra da görəcək.
Follow @7timesaz