Bakıda yeni virtual zonalar yaradılıb. Sözügedən əyləncə məkanları paytaxtın müxtəlif ictimai məkanlarında – “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzləri və s. yerlərdə fəaliyyət göstərir. Hansı ki, orada müxtəlif oyunlarla yanaşı, hündürmərtəbəli binalardan yıxılaraq “ölüm” anlarını da yaşamaq olur. Üzlərinə xüsusi qurğu taxılan şəxslərə yüksəkmərtəbəli binadan aşağı yıxılma, yerə çatana qədər olan proses və sonuncu mərhələ – yerə düşmə və bütün ətrafın ağ rəngə boyanması anlarının hər biri virtual olaraq yaşadılır. Sözügedən məkandan çəkilən görüntülər TikTok platformasında sürətlə yayılır, xüsusilə də gənclər tərəfindən buna böyük maraq göstərilir.
Müşahidələrimizdən də aydın olur ki, “ölmək” istəyənlərin demək olar ki, hər biri gənclərdir. Qiyməti 5 manatdan başlayan bu zonalar nə qədər əyləncə və adrenalin yaşatsa da, insan şüuruna təsir edən müxtəlif məqamlarla diqqəti çəkir. Ora gedən insanların bəziləri bir daha bu prosesi etməyəcəklərini, bəziləri isə çox pis qorxduqları üçün qorxularını aradan qaldıracaqlarını və bunun üçün əlavə pul xərcləməli olacaqlarını deyirlər. Bu virtual zonaya gedəndən sonra stress yaşayan, psixoloji sarsıntı keçirən, yüksək həddə qorxu yaşayanların sayı az deyil. Adrenalin yaşamaq normaldır, ancaq bunun daha geniş vüsət alması, bu prosesə hazır olmayanların dostdan, tanışdan eşidib, ya da sosial şəbəkələrdə görüb həmin məkanlara üz tutması həmin şəxsləri çətin vəziyyətdə qoyur. Sözügedən adrenalin növünü müzakirə edən insanların bəziləri düşünür ki, bu tip oyunlar insanlarda hündürlük qorxusu yarada, intihar etmək istəyən şəxsləri fikrindən daşındıra bilər. Lakin bu virtual zonaların intihara, ölümə yol aça biləcəyindən ehtiyat edən təbəqə də var.
Fərqli düşüncə tərzinə və müxtəlif psixikaya malik şəxslərin olduğunu nəzərə alaraq, intiharların da artması fonunda bu cür əyləncə növlərinin ölkəmizə gətirilməsi və insanların bu virtual zonalardan istifadə etməsi onları ölümdən çəkindirə, yoxsa cəlb edə bilər?
Publika.az mövzunu araşdırıb.
Sosioloq Sənubər Heydərova hesab edir ki, bu cür virtual zonalar ölkəmizdə yaradılan zaman mütləq təhlillər aparılmalıdır: “İlk dəfədir belə bir şeylə qarşılaşıram. Yəqin ki, bu zonalar xarici ölkələrdə tətbiq olunub, Azərbaycanda isə yenidir. Bununla bağlı təhlillər aparılmalıdır. İnsanları müxtəlif üsullar vasitəsilə virtual reallıqlarla müəyyən reallıqlara aparırlar. Məsələn, kiminsə yüksəklik qorxusu varsa, o, psixoterapiyaya gedir. Onun müəyyən mərhələsində üzləşmə anı var. Həmin mərhələdə yaxşı olar ki, bənzəyən (yavaş-yavaş addım atırlar), bundan sonra uzaqdan baxma (real) və daha sonra daha yaxından baxma (bəzilərinə toxunma) seanslarından keçirilirlər. Daha sonra yavaş-yavaş bu fobiya aradan qaldırılır. Könül istərdi ki, bu, intiharlardan çəkindirən bir prosesə çevrilsin. Amma həqiqətən də bunun olma ehtimalını hazırda ölçmək mümkün deyil. Çünki hər düşüncədə insan bu virtual zonalara gedir. Əksinə də gətirib çıxara bilər”.
Psixoloq Gülər Məmmədova qeyd edib ki, adrenalin yaradacaq bu kimi əyləncəli məkanlar əslində buna hazır olan, bunu həyata keçirmək istəyən gənclər üçün nəzərdə tutulub: “Bəzi hündürlük adrenalini yaşayanlar bunu ölmək üçün etmirlər, cəsarəti, müəyyən qorxunu aradan qaldırmaq üçün əzmi öyrənmək istəyirlər. Bu, ölüm yox, sanki “qanadın olmasa da, quş olub uçmaq” funksiyasına xidmət edir. Bəziləri paraşütlə tullanmaq istəyir. Ancaq bir çox insan bunun üçün xarici ölkələrə gedə bilmir və bu adrenalin növlərindən yararlana bilmirlər. İnsanların psixologiyasını manipulyasiya etmək aspektindən bəzi şəxslərdə bu əyləncəyə böyük istək və maraq var. Onun həqiqisinə əlçatmaz olan insanlar virtual da olsa, yararlanmaq üçün bu cür metodlardan istifadə edirlər”.
Psixoloqun sözlərinə görə, bu kimi hallar əslində insana doğrudan da yüksəklikdən tullanmağın, hündürlükdən yıxılmağın nə anlam olduğunu kəsb etməyə kömək edə bilər: “Sırf buna biz məna yükləyib intihara sürükləyəcək proses kimi yanaşmayaq. Ora gələn insan adrenalin yaşamaq üçün gəlir. Hündürlükdən tullanan insanlar, alpinistlər və yaxud özlərini sığortalayıb hündür yerlərdən tullanıb geri çəkilmələr olur, bu da həmin prosesi yaşayan gənclərin davranışını yaşamaq üçün yaradılan əyləncə prosesidir. Bunun da psixoloji tərəfi odur ki, bir çox insanlar daxildə özlərini təsdiq etmək, özlərini özlərinə təsdiq etmək üçün bunlardan istifadə edirlər. Əslində, burada psixoloji ajiotaj yaratmağa ehtiyac yoxdur. İnsanı buraxmaq lazımdır ki, özü-özü ilə mübarizə aparsın. Sanki insanın öz daxilində qorxunu duyub bu atmosferi yatmağa lüzum yoxdur. İnsanlar onsuz da o qorxunu çıxarmaq üçün bu cür əyləncələri tapırlar, xüsusi adrenalin otaqları var ki, ora gedirlər. Bu da onların psixoloji anlamda özlərini təsdiq üçün yaxşı bir üsuldur. Digər tərəfdən yanaşsaq, bu, insanlarda intihara yol açır, buna meylləndirir və s. fikirləri ilə uyğun deyil. Dünyada da bu oyunlar məşhurdur və heç də ölmək üçün yox, yaşamaq və yaşamın dadını çıxarmaq üçün nəzərdə tutulub”.
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, bu cür virtual oyunlar ölkəmizdə yaradılarkən mütləq təhlil olunmalı, cəmiyyətin psixologiyası öyrənilməlidir.
Sosioloq bildirib ki, bu cür virtual ölümlə, özünü hündürmərtəbəli binadan ataraq “intihar” etməklə və bu şəkildə adrenalin yaşamaqla gənclərin ahəngdar inkişafını təmin etmək olmaz: “Başqa humanitar işlər görülməlidir. Ən əsası, xaricdə hər gördüyümüz şeyləri araşdırmadan, təhlilini aparmadan və cəmiyyətin ona münasibəti öyrənilmədən tətbiq olunması doğru deyil. Hər zaman təklif edirəm ki, “Sosial iş” ixtisası olduğu kimi, onun işi də yaradılmalıdır. Xaricdə “Sosial iş” adlı ixtisası gördülər, onu ölkəyə gətirdilər. Hazırda 10-a yaxın universitetdə bu ixtisasdan mütəxəssis hazırlanır. Ancaq təəssüf ki, iş yerləri yaradılmayıb. Çox yaxşı olardı ki, hər gün mürəkkəbləşən və həssaslaşan cəmiyyətdə sosial iş xidmətləri yaradılsın. Bu cür xarici təcrübəni ölkəmizə gətirib tətbiq etməzdən əvvəl həmin xidmətlər cəmiyyətlə iş aparmalıdır, onların düşüncəsini öyrənməlidir. Bu, xarici ölkələrdə kifayət qədər çoxdur”.
Ə.Qəşəmoğlu vurğulayıb ki, bu gün kimin ağlına nə ideya gəlirsə, xaric ölkələrdə nə görürlərsə, onu düşünmədən, cəmiyyəti araşdırmadan ölkəmizə gətirib tətbiq edirlər: “Elmi araşdırma mərkəzlərinə ehtiyac var. Həmin mərkəzlər cəmiyyəti təhlil etməlidir. Məsələn, bu cür virtual zonalar yaradılarkən onlar araşdırılmalı, tətbiq edilib-edilməməsinə qərar verilməlidir. Cəmiyyətin spesifik xüsusiyyətlərini öyrənmək lazımdır. Ona uyğun addımlar atılmalıdır”.
Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, insanda adrenalin yaradan oyunlar hər zaman mövcud olub, bu da onlardan biridir: “ABŞ-da və digər ölkələrdə böyük attraksionlar var ki, insanı vahiməyə salır. Adrenalin həvəskarı olan xüsusi şəxslər var. Bu virtual zonalar da məhz həmin insanlar üçün nəzərdə tutulub. Cəmiyyətdə hər cür psixikaya malik kütlə mövcuddur. Bu da adrenalin sevərlər üçün əyləncədir. Nəzərə alsaq ki, paraşütlə tullananlar həmin anı hiss etmək üçün bunu edirlər, adrenalin yaşayırlar. Attraksionlar var ki, sanki hündür bir yerdən aşağı düşürsən. Bu da onlar kimidir”.
Qeyd edək ki, intiharın qarşısının alınması üçün xarici ölkələrdə virtual reallıqlar yaradılır. “Black Dog” İnstitutundan və UNSW-dən olan (Sidneydəki Yeni Cənubi Uels Universiteti) tədqiqatçılar qrupu virtual reallığın müsbət düşüncələri yaxşılaşdırmaqda müdaxilə vasitəsi kimi təsirlərini və intihar ehtimalını azaldacağını araşdırıblar.
“The Edge of the Present” – “Hazırkı zamanın kənarı” adlı layihə 2019-cu ildə UNSW-də Böyük Narahatlıq Festivalı (Big Anxiety Festival) üçün hazırlanıb və “Black Dog” İnstitutundan İntiharın Qarşısının Alınmasında Araşdırma Mükəmməlliyi Mərkəzi (Center for Research Excellence in Suicide Prevention in Suicide Prevention) tərəfindən həyata keçirilib. Depressiya və intihar təcrübəsi olan 79 insanın iştirak etdiyi araşdırmaya UNSW-nin İncəsənət və Dizayn sektorundan professor Cill Bennett və “Black Dog” İnstitutundan professor Ketrin Boydell rəhbərlik edib.
İntiharın qarşısının alınmasında sözügedən sistemin effektivliyinə gəlincə, bu, depressiya və ümidsizlik zamanı müdaxilələr üçün virtual reallığa daldırma effektivliyini qiymətləndirmək məqsədi daşıyan ilk araşdırma olub. Professor Bennettin sözlərinə görə, nəticələr daldırma (immersion) təcrübəsindən sonra müsbət əhval-ruhiyyənin və gələcək düşüncənin sürətlə artdığını göstərib.
Follow @7timesaz