Maraqlı

Bir həb iç və fövqəlbəşər insan ol… – “Limitless” filmi reallığa çevrilə bilərmi?

Bir həb iç və fövqəlbəşər insan ol… – “Limitless” filmi reallığa çevrilə bilərmi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yəqin ki, insan beyninin 100 faizini istifadə etməsinə şərait yaradan dərmanlarla bağlı filmlər izləmisiniz. Zaman-zaman bu məsələ filmlərdən çıxaraq, real həyat üçün də müzakirə obyektinə çevrilib.
Bəs, xüsusi dərmanlar həqiqətən beyin funksiyalarımızı gücləndirə bilərmi?
Nootrop preparatlar sayəsində beynin neyrobioloji fəaliyyətini artırmaq xəyalı elmi-fantastika deyil. Əvvəlcə qeyd edək ki, nootroplar – sinir hüceyrələrində maddələr mübadiləsini yaxşılaşdıran və düşünmə prosseslərini fəallaşdıran dərman vasitələridir.
1972-ci ildə rumıniyalı psixoloq və kimyaçı Korneli İ. Circiyanın hazırladığı “Piracetam” adlı dərman üçün “nootropik” sözünü işlədib. “Nootropik” beynin yüksək səviyyəli inteqrasiya olunmuş fəaliyyətini artırmağa kömək edən molekullara verilən ümumi addır.
İnsanların “fövqəlbəşər” olma marağını asan yolla təmin edəcək dərmanların reallığı çox şübhəlidir. İddiaya görə, “Piracetam” istifadə edən insanlarda demans və digər idrak problemləri azalır, sağlam insanların isə zehni qabiliyyəti artır. Dərman sedativ və ya stimullaşdırıcı təsir göstərmədən neyron və damar funksiyalarına təsir edərək idrakı gücləndirir. Ancaq bu günə qədər aparılan sistematik tədqiqatlar belə dərmanların həqiqətən də sözügedən təsirə malik olduğunu sübut edə bilməyib.
Xüsusilə, 2004-cü ildə nəşr olunan “Cochrane”, ümumilikdə təxminən 12 min insanın iştirak etdiyi 24 akademik tədqiqatı nəzərdən keçirdikdən sonra “Piracetam”ın demans və ya koqnitiv pozğunluqlar üçün heç bir fayda göstərə bilmədiyini qeyd edib.
2005-ci ildə edilən başqa bir araşdırma yalnız yaşlı iştirakçılarda müəyyən irəliləyişlərin göründüyünü üzə çıxarıb. Lakin “Piracetam”ın beyinə diqqətəlayiq faydası olduğunu söyləmək mümkün deyil. Bu mənzərə bütün digər oxşar nootrop dərmanlarda da təkrarlanır. “Rasetam” adlanan belə nootrop dərmanların tərkibində “2-Pirrolidon” adlı üzvi birləşmə var. Bu günə qədər istehsal olunan “racetam dərmanları”nın (aniracetam, oksirasetam, pramiracetam, fenilpirasetam və s.) funksionallığı haqqında etibarlı məlumat yoxdur.
Bu dərmanlar bir çox ölkədə reseptsiz satılır və heç bir fayda verməsələr də, asan yolla ağıllı olmaq istəyən və ya bunun uğurlarına töhfə verəcəyinə inanan insanlar üçün ciddi iqtisadi tənəzzüldür. Bu cür dərmanların satışı ABŞ Qida və Dərman İdarəsi tərəfindən qadağan edilsə də, onların ABŞ-da hələ də “pəhriz həbləri” adı ilə satıldığı müşahidə olunur.  Avropada da bu dərmanları əldə etmək olduqca asandır. Qida və Dərman Administrasiyasından icazə ala bilməyən istehsalçılar dərmanlarını “qida əlavələri” və ya “pəhriz həbləri” kateqoriyalarına ayıraraq saxta məhsulları xalqa satmağın yolunu tapıblar. Bununla belə, bu cür dərmanların tərkibində tez-tez rast gəlinən kimyəvi maddələrin heç birinin koqnitiv funksiyalara diqqətəlayiq təsiri aşkar edilməyib.
Ancaq araşdırmalara görə, beynin mükəmməl bir səsyazma maşını olduğu və ya doğuşdan bəri hər bir məlumata sahib olduğumuz, lakin ona çata bilmədiyimiz iddiası tamamilə yanlışdır. Beyin qarışıq neyrobioloji yığındır və buradakı məlumat tamamilə silinə bilər. Biz eksperimental olaraq bilirik ki, xatirələrin silinməsi və hətta yalançı xatirələrin yaranması da mümkündür. Bu səbəbdən beyində guya “var olan, lakin bizim əldə edə bilmədiyimiz” məlumatlar yoxdur. Bəzi anadangəlmə refleksiv davranışlarımız, müəyyən öyrənmə bacarıqlarımız var, qalanları isə doğuşdan sonra yaşadıqlarımız əsasında formalaşan məlumatlardır. Ola bilsin ki, gələcəkdə genlərimizi dəyişdirərək, təkamülü istiqamətləndirərək, müxtəlif dərman əlavələri edərək beynimiz formalaşdırılsın. Ancaq metamfetamin kimi ölümcül bir dərmana bənzəyən tək bir həb ilə beynimizin zəncirlərini qırmaq uzaq və zəif bir xəyaldan başqa bir şey deyil.