Sosial

Bir ovuc adam

Xalq mövqe göstərəndə hökumət də, məmurlar da cızığından çıxmır.

Bir ovuc adambackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı yazıçı Hellen Keller yazırdı: “Təklikdə əlimizdən çox şey gəlmir”. Onun həmkarı Ken Blanşar, deyəsən, daha yaxşı ifadə olunmuşdu: “Heç birimiz bizim hamımızdan ağıllı deyil…”

Belarusda bir aya yaxındı insanlar hər gün küçələrə çıxır, diktator Aleksandr Lukaşenkoya seçkiləri növbəti dəfə saxtalaşdırdığına görə etiraz eləyir. Gözəl fotolar, kadrlar sosial şəbəkələri bəzəyir. Hökumət “çor” deyir, camaat “can” deyə cavab verir. Mitinq eləyib sonradan yerə düşən məişət tullantılarını toplayırlar. Skamyaların üstünə çıxmaq üçün ayaqqabılarını çıxarırlar. Həsəd aparmamaq mümkün deyil. Halbuki çox yox, bir neçə ay əvvəl belə deyildi. Ölkə bir ovuc adamın ümidinə qalmışdı…

Bu il 74 yaşı tamam olacaq Nina Baqinskaya Minskdə küçəyə çıxıb etiraz eləyəndə indi meydanlarda gördüyümüz adamlar hələ cəsarətlənməmişdilər. Təqaüdçü qadın qanunsuzluqlara biganə qalmırdı. Həbs olunurdu, təzyiqlə üzləşirdi. Müsahibələrinin birində deyirdi ki, indiyə qədər üst-üstə 16 min dollar cərimə yazılıb ayağına. Ödəməkdən imtina eləyib. Əvvəlcə təqaüdünün 20 faizini tutmağa başlayıblar. Sonra hökumət bu ahıl qadını cəzalandırmaq üçün qanunvericlikdə dəyişiklik eləyib, məbləğin 50 faizi kəsilməyə başlayıb. Nina geri çəkilməyib. Yarıac, yarıtox yenə meydanlara tələsib.

İndi Azərbaycan bir müddət əvvəlin Belarusuna bənzəyir. Ölkə bir ovuc vicdanlı adamın ümidinə qalıb. Ölkənin böyük bir qisminin haqqı pozulur. Həmin bir ovuc adamdan başqa heç kim etiraz eləmir. Problem yoluna düşəndə də camaatda belə təsəvvür yaranır ki, hansısa məmur sərhədi aşmışdı, hökumət son nəticədə haqsızlığa imkan verməyib. Halbuki özünü hər cür təhlükənin qarşısına atan həmin adamlar olmasaydı, problem ictimailəşdirilməsəydi, hökumət də geri addım atmayacaqdı. Uzağa niyə gedirik, taksilərin inhisara alınması cəhdindən danışaq. Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri çıxıb televiziyada demişdi ki, kasıbların taksiyə minməsinin məntiqi yoxdu. Əlbəttə, bir az başqa cür ifadə olunmuşdu, amma sözündən bu çıxmışdı. Bir ovuc adam dərhal səs-küy saldı, hamını ayıltmağa çalışdı. Məmuru işdən çıxardılar, hələlik taksilər də əvvəlki ənənələrlə işləyir.

Hər şey çox sadədi. Ortada xalq yoxdu. Xalq mövqe göstərəndə hökumət də, məmurlar da cızığından çıxmır. Hesablaşırlar, saya salırlar, bütün qanunlara tüpürmürlər. Bir ovuc adamı isə tək-tək sıradan çıxarmaq, onların təsir gücünü azaltmaq mümkündü, hətta çətin də deyil.

İndi Nina Baqinskaya Belarusda yeni etiraz hərəkatının rəmzlərindən sayılır. İnsanlar küçədə ona yaxınlaşır, şəkil çəkdirmək istədiklərini deyirlər. Yüzlərlə qadın onun arxasınca gedərək meydanlara üz tutur. Ninanın bütün ağıllı cümlələrinin arasında bir sadə ifadə bütün parlaqlığı ilə fərqlənir: “Biz az idik, sonra çoxaldıq…”

Coşqun Eldaroğlu

7times.az