Araşdırma

Ermənistanın Azərbaycandakı “minaları” PARTLAMAĞA BAŞLADI

Ermənistanın Azərbaycandakı “minaları” PARTLAMAĞA BAŞLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilmiş ərazilərimizdə minaların zərərsizləşdirilməsi prosesi tam sürəti ilə davam etdirilir.  Buna baxmayaraq, minalanmış ərazilərin çox olması nəticəsində mina qurbanlarının sayı artmaqda da davam edir və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub ki, biz buna Laçın və Kəlbəcər istiqamətində son proseslər fonunda da şahid olduq.

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir. Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir. Aparıcı dövlətlər, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə diqqəti yönəltmək əvəzinə, nə qədər ədalətsiz səslənsə də, səssiz qalmağı seçirlər.

Azad edilmiş ərazilər həcminə görə dünya miqyasında minalanmış ən böyük sahələrdən biridir. Bunu mən yox, hətta Almaniyada yerləşən minatəmizlənmə üzrə komitələrin işğaldan azad olunmuş torpaqlarımızla bağlı rəyi belə deməyə əsas verir: “Bu sıxlıqda, belə səviyyədə minalanmış torpaqlar dünyanın heç bir ərazisində olmayıb”.

Minalanmış ərazilərin dəqiq xəritələrinin verilməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, təəssüf ki, Ermənistan hökuməti bu istiqamətdə nəinki hər hansı bir addım atmır, əksinə postkonflikt dövründə terror əməllərini törətməkdə davam etdiklərini açıq şəkildə nümayiş etdirməkdən çəkinmirlər.

Bu ilin sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalaması faktı isə Ermənistanın müharibədən sonra mina terroru ilə bağlı nə ilk, nə də son faktdır. Bu hadisə bir daha deməyə əsas verir ki, Ermənistan öz istehsalı olan PMN-Э minaları, piyada əleyhinə PMN-2 minası və tank əleyhinə minalardan istifadə edərək müharibədən sonrakı mərhələdə də mümkün qədər çox Azərbaycan ərazisini minalamaqda davam edir.

Beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından cəzasızlıq sindromundan daha da ruhlanan Ermənistan Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində minalama prosesini davam etdirməkdədir.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları, habelə qanunsuz erməni silahlı dəstələri sərhədyanı bölgələrə və işğaldan azad edilmiş ərazilərimizə daxil olaraq, həmin yerlərə hər addımbaşı çoxsaylı mina yerləşdirir ki, bununla bağlı hər ötən gün Azərbaycan Ordusu kifayət qədər faktla qarşılaşır. Bu isə nəinki Azərbaycanın hərbi qulluqçularının, eyni zamanda mülki şəxslərinin həyat və sağlamlığı üçün də potensial təhlükə mənbəyi deməkdir.

İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlı ərazilərimizdə basdırılmış Ermənistan istehsalı olan minaların qurbanına çevriliblər. Bu baxımdan hazırda çox ciddi bir təhdid kimi qalmaqda davam edən işarələnməmiş mina problemi regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük zərbə vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıtmasına maneə yaradan ən başlıca problem kimi qalmaqdadır.

Bu məsələyə elə İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı xüsusilə toxunub. Dövlət başçısı bəyan edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Lakin dövlət başçısının faktlara və statistik rəqəmlərə əsaslanan belə bir çıxışı, görünür, Ermənistanla yanaşı ermənipərəst qüvvələrin də ürəyincə olmayıb. Biz Azərbaycan Prezidentinin bu bəyanatından dərhal sonra hansı media orqanları və hansı dairələrdən səs çıxdığına diqqət yetirsək görmüş olarıq ki, əslində Ermənistanın sapı özümüzdən olan “canlı minaları” Ermənistanın Gəncə, Bərdə, Tərtəri bombaladığı zamandan, sentyabrda düşmənin diversant dəstələrinin müxtəlif istiqamətlərdə Ordumuzun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalaması nəticəsində başlayan növbəti lokal hərbi toqquşmadan fərqli olaraq Əliyevin bəyanatı zamanı “oyaq” olublar.

Düşmənin amansız terror əməllərinə, mina və digər hərbi cinayətlərinə qarşı bir dəfə də olsun səsini çıxarmayan Tofiq Yaqublu, Cəmil Həsənli, Əfqan Muxtarlı kimi erməni dəyirmanına su tökmək üçün hər zaman hazır vəziyyətdə olan “fiqurlar” Prezidentin açıqlamasına dərhal reaksiya verərək bunu heç bir əsası olmayan “korrupsiya” ilə əlaqələndirməsi sıradan bir hadisə deyil. Bu şəxslərin eyni tezislə eyni məqamda sosial media hesablarından paylaşımlar etməsi əgər təsadüfdürsə, o zaman bu məsələylə bağlı erməni mediasında və sosial şəbəkələrin erməni seqmentindəki yazılarla birə-bir gəlməsi, üst-üstə düşməsi məsələsinə nə deyək?!

Buna misal olaraq “bizimkilərlə” eyni vaxtda Ermənistanın məşhur “newsarmenia” informasiya agentliyində separatçı rejimin qondarma “Müdafiə Nazirliyi”nin mətbuat katibi Suren Sarumyan Azərbaycan prezidentinin bəyanatına cavab olaraq çıxan yazısına diqqət yetirək. O, açıqlamasında bildirib: “Azərbaycan Prezidenti belə bir qondarma ittihamlarla beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə qarşı çaşdırmağa çalışır”.

Bu azmış kimi “Telegram”ın məşhur erməni seqmentlərindən hesab edilən “SisMasis”də də eyni məsələ ilə bağlı Azərbaycan dövlətinə qarşı  “Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyanın da fikirlərinə yer verilməsi hadisələrin hara gedib çıxdığını deməyə əsaslı şübhələr yaradır. Nəzərə alsaq ki, Edmon erməni diasporalarının ən əsas siyasətçilərindən hesab olunur, o zaman bu əlaqənin sapı özümüzdən olan bu kəslərlə eyni mövzunu, eyni vaxtda qabartmaq cəhdləri heç də təsadüf olmadığını bir daha təsdiqləmiş sayılır.

Edmon Marukyan

Ermənilər və “bizimkilər”in məhz eyni vaxtda bu kampaniyaya başlaması sifarişin eyni mərkəzdən alındığını deməyə növbəti əsaslar yaradır. Hər iki tərəfdə eyni tezis, eyni məsələnin şişirdilib ortaya atılması, bunun ABŞ, Rusiya və Fransadakı erməni lobbinistlərin istəyi əsasında edildiyi qəsdiqlənmiş olur. Adı çəkilən erməni mərkəzlərin maliyələşdirdiyi Azərbaycandan olan “canlı minaların” Ermənistandan olan media subyektləri ilə eyni vaxtda işə düşməsi növbəti dəfə bu adamların kimlərə xidmət etdiklərini, məqsədlərinin nə olduğunu açıq ortaya qoyur.

Bunun bir adı var: Müharibə bitsə belə Ermənistanla savaşımızın daha kəskin xarakter aldığı bir vaxtda Vətənə, dövlətə xəyanət. Çünki bu zamana kimi minalanmış ərazilərin xəritələrinin verilməməklə revanşist və işğalçı siyasətinə sadiqliyini göstərən Ermənistana, onun siyasi-hərbi rəhbərliyinə bu zamana kimi bir dəfə də olsun səsini çıxarmayan həmin bu şəxslər indi Azərbaycan əleyhinə kampaniyada aparıcı fiqur kimi ön plandadırlar.

Yaxşı, minalanmış ərazilərin xəritəsini verməməklə humanitar böhran yaratdığı üçün Ermənistana beynəlxalq birlik tərəfindən təzyiq göstərilmədi-göstərilmədi, bəs niyə bu zamana kimi özlərini Azərbaycan üçün canı yanan göstərən bu kəslər bir dəfə də olsun eyni məsələylə bağlı beynəlxalq aidiyyatı qurumlardan rəsmi İrəvana hər hansı bir təzyiq göstərmələri ilə bağlı hansısa təşəbbüslə çıxış etmədilər?!

Amma biz bunun əksini görürük! Korrupsiyadan, insan haqlarından, sabun köpüyü qədər ömrü olan “vətənpərvərlik şou”ları ilə vaxtaşırı gündəm olmağa çalışan Tofiq Yaqublu, Cəmil Həsənli, Əfqan Muxtarlılar erməni terroruna susurlarsa, bari eyiblərinə kor olub, Azərbaycan dövlətinə Ermənistanla diplomatiya və infiormasiya savaşında badalaq vermək cəhdindən də əl çəksələr yaxşı olar.

Belə görünür ki, Azərbaycan yumşaq mövqe nümayiş etdirdikcə, dövlətçiliyimizə qarşı adekvat sərt cavab verilmədikcə, bu tandem öz mənfur taktikasını davam etdirəcək. Milli.az