Kriminal

“Mahmudovçu” generalın məhkəməsi təxirə salınıb

“Mahmudovçu” generalın məhkəməsi təxirə salınıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (keçmiş MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini Sahib Ələkbərovun məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

7Times.az xəbər verir ki, hazırkı iş üzrə bu günə qədər Bakı Apellyasiya Məhkəməsində təyin olunmuş 8 prosesdən cəmi 4-ü baş tutub.

Proseslərin təxirə salınmasının səbəbləri vəkillərin prosesə qatılmaması, qar yağması səbəbindən müttəhimlərin Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilməməsi olub. Fevralın 6-na təyin olunan proses isə hakimlərdən birinin xəstələnməsi səbəbi ilə fevralın 13-nə qədər təxirə salınıb.

Lakin zərərçəkmişlər məhkəmənin təxirə salınmasının səbəbinin başqa olduğunu deyirlər. Onların sözlərinə görə, müttəhimlər prosesin uzadılması ilə vəziyyətdən çıxa biləcəklərini, hakimiyyət daxilində özlərinə himayəçi tapacaqlarına ümid edirlər.

Ötən prosesdə Mövlam Şıxəliyev çıxış edərək ittiham üzrə özünü təqsirli bilməyib, ona bəraət verilməsini istəyib. Fevralın 13-də keçirilən məhkəmə prosesi digər müttəhimlərin çıxışları ilə davam etdiriləcək.

Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətlərini təqdim edən təkcə Mövlam Şıxəliyev və suç ortaqları deyil. Onun ailə üzvləri də, dövlət ittihamçısı da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim ediblər. Prosesə hakim İlqar Murquzov sədrlik edir. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar.

Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin – həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində – “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var.

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulması ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX)yaradılıb.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin özgə əmlakını hədə-qorxu ilə tələb edib alması, həmçinin səlahiyyət həddini aşmaları və sübutları saxtalaşdırma ilə əlaqəli cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edilmişdi.

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham elan olunmuşdu.

Cinayət işi üzrə 36 zərərçəkmiş var. Onlardan 3 nəfəri yolu MTN-dən keçəndən sonra xəstəlik taparaq dünyasını dəyişib. Zərərçəkmiş Cahangir Məmmədov isə intihar etməklə həyatına son qoyub. Bundan sonra həyat yoldaşı və 2 övladı Azərbaycanı tərk ediblər.

7Times.az