Peşə təhsili müəssisələrinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu prosesinin başlaması ilə bağlı media nümayəndələri üçün brifinq təşkil edilib.
Oxu.Az xəbər verir ki, ilk olaraq media nümayəndələrinə peşə təhsilindəki islahatlar, ümumi vəziyyət və cari ildə görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət təsirini həm tədrisin keyfiyyətində, həm də maddi-texniki bazanın müasirləşməsində göstərir.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov cari tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklər barədə məlumat verib. Agentlik rəhbəri 2023/2024-cü tədris ili üzrə tələbə qəbulunun 66 peşə təhsili müəssisəsində 128 ixtisas olmaqla 25 420 yer üzrə aparılacağını vurğulayıb. O qeyd edib ki, ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 10 faiz artım var.
Xatırladaq ki, peşə təhsili almaq istəyən şəxslər 28 iyul – 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Follow @7timesaz