Ölkə

Psixoloq: “Lazer epilyasiyaya, pedikürə gedirsən, görürsən ki, oğlanlar da səninlə birlikdə sıra gözləyirlər”

Psixoloq: “Lazer epilyasiyaya, pedikürə gedirsən, görürsən ki, oğlanlar da səninlə birlikdə sıra gözləyirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar dəbin, gözəlliyin formatı dəyişib. Bəzi insanlar gözəlliyi, dəbi soyunaraq şəkil çəkdirməkdə, soyunmuş vəziyyətdə paylaşımlar etməkdə görürlər. Açıq-saçıq geyim gözəllik, müasirlik deyil. Hər kəs öz bədəninə uyğun geyinməli, geyiminin yerini bilməlidir. Qadınlar elə bilirlər ki, bu cür açıq-saçıq geyimlər onların gözəlliklərini əks etdirir, amma belə deyil. Daha çox plastik əməliyyatlar edən xanımlar soyunmağa meyilli olurlar. Çünki onların bədəni əvvəl elə formada olmayıb. Bu gün plastik əməliyyatlara meyil daha da çoxalıb. Sonradan qazanılan şeyi insan hər zaman reklam etməyə çalışır. Bu səbəbdən də plastik əməliyyatlara gedir, müxtəlif əməliyyatlar etdirirlər – sinə böyütmə, dodaq dolğusu, bədən şəkilləndirmə… Əməliyyatdan sonra elə geyimlər geyinirlər ki, əməliyyat olunduqlarını açıq şəkildə camaata, ətrafa, yaxınlarına çatdırsınlar”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış psixoloq Gülnar Orucova deyib.

 

Psixoloq bildirib ki, artıq sağlam yaşam tərzi də dəb halına gəlib: “Əvvəllər daha az idmana gedən insanları görərdik. Düzgün qidalanmaq üçün müxtəlif mərkəzlərə aylıq müəyyən məbləğlər ödəyirlər, günlük yeməklərinin şəklini çəkib paylaşırlar. “Food bloger”lər, digər influenserlər “bugünkü qidam”, “dietik qidam” kimi müxtəlif başlıqlar altında yeməklərini paylaşırlar. Bəziləri insanları hətta arıqlamağa, sağlam həyat tərzinə çağırır. Amma sonda nə görürük? Kilolu birisi arıqlayan kimi soyunmağa başlayır. Arıqlayanların, əməliyyat edənlərin hamısı bədənlərini göstərməyə çalışırlar”.

 

G.Orucova deyib ki, müğənnilər əvvəllər çox səliqəli geyinər, örnək olardılar: “Bugünkü müğənnilər nə həyat tərzləri ilə, nə geyimləri ilə, nə də əxlaqları ilə insanlara örnək ola bilərlər. Müğənni efirə elə bir vəziyyətdə çıxır ki – yarıçılpaq! Hazırkı vəziyyəti əslində bununla əlaqələndirirəm ki, insan gördüyünü şəkil olaraq çəkib şüurunda saxlayır. Zənn edir ki, elə geyim tərzi normaldır. Bir söz demirəm, səhnəyə çıxan insan üçün o cür geyim tərzi normal ola bilər, amma sən onu geyinə bilməzsən. Çünki sən gənc xanımsan, anasan, bir müəssisə işçisisən. İnsanlar bəzən çimərlik paltarları ilə gündəlik paltarlarını səhv salırlar. Gəzməyə çıxırsan, şəhərin mərkəzi nöqtələrinə gedirsən, hansısa idarəyə girirsən, görürsən ki, əyinlərindəki geyim düzgün seçilməyib, yerə, məkana uyğun deyil”.

 

“Ən çox isterik tip xanımlar açıq-saçıq geyinməyə meyilli olurlar. Çünki diqqət çəkmək istəyirlər. Uşaq yaşlarından onlara verilməyən sevgini, diqqəti, xoş sözləri böyüdükcə ətraflarından eşitmək istəyirlər. Tərif, alqış eşitmək… Bunu isə soyunaraq etmək istəyirlər ki, açıq-saçıq geyinim, mənə xoş söz desinlər. Belələri aşağı yaşlarda susdurulan, haqqı tapdanan, söz haqqı verilməyən, sevilməyən, yaxud sevilsə də, bunu onlara hiss etdirməyən valideynlərə sahib olan insanlardır. Bu, əslində sevgisini hiss etdirməyən valideynlərin günahıdır”, – psixoloq vurğulayıb.

 

G.Orucova oğlanların da geyimlərinə irad bildirib: “Oğlanlar sanki qadınlaşmağa doğru gedirlər. Lazer epilyasiya mərkəzlərinə, pedikürə gedirsən, görürsən ki, oğlanlar da səninlə birlikdə sıra gözləyir. Demirəm ki, bu pisdir. Amma hər şeyin bir həddi var. Bəzən oğlanlar o qədər həddən artıq rəngli geyinirlər ki, kənardan baxanda çox şit görünürlər. Hər bir insanın öz tərzi olmalıdır. Kişinin seçdiyi xüsusi rənglər olmalıdır. Bəzən kişilər elə rənglər geyinirlər ki, beş yaşında uşaq onu geyinsə, normal qəbul olunar. Amma o yaşda insan elə rəngdə paltar geyinməməlidir…”