Bəzən mənə elə gəlir ki, qiymət tənzimləməsi instansiyalarındakı vəzifəlilər arasında elələri var, onlar bilərəkdən əhalini qıcıqlandırmağa çalışır. Çox sakit günlərin birində, millət arı kimi çalışdığı zaman hardansa bir çubuq tapıb arının yuvasına soxur, aranı qızışdırırlar.
Düzdü, bizim millətin iynəsi yoxdur, biz iynəsiz arıyıq, ancaq bal yığmağı bacarırıq, sancmalı ünsürləri sancmaq qabiliyyətimiz təməldən yoxdur. Bununla belə o çubuğu tutan əl milləti qıcıqlandırır, ortaya bir vızıltı salır.
Məsələn, sakit günlərin birində adam bikarçılıqdan bilmir neyləsin, götürüb işığın qiymətini 1 qəpik bahalaşdırır.
İndi də “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə uyğun 226 dövlət rüsümunun qiyməti qaldırılır. Sürücülük vəsiqəsinin, xarici pasportların verilməsi və s. prosesi başda olmaqla onlarla rüsumun qiyməti artırılır. Hər gün kəsərini bir az itirib mırıqlaşan mediamız da qiymət artımına, bahalaşmaya belə don geyindirir: “Qiymət dəyişikliyi”.
Ay camaat, qiymət artıb, bahalaşıb! Siz də bir az yaxınlaşıb baxsanız görəcəksiz ki, nə dəyişiklik, bunlar əməlli başlı qiyməti qaldırıblar.
Maliyyə nazirinin müavini Azər Bayramov isə rüsumlardakı qiymət artımına belə münasibət bildirir:
“Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir”.
Təbii, inflyasiya ölkədəki bütün məhsulların və proseslərin qiymətini artırır. Bu normaldır. Normal olmayanı odur ki, əhalinin gəliri, gəlir qaynaqları, sosial təminatı bu artıma uyğun deyil.
Ölkədə inflyasiya gedəndə ilk düşünüləsi obyekt vətəndaş olmalıdır. Azərbaycanda isə bütün qiymətlər artandan sonra yerdə qalandan bir-iki tikə millətə də uzadırlar ki, day neynək, sən də boynumuza yük olmusan, acından ölmə.
Qiyməti qaldırılan rüsumlardan biri də, deyəsən, ölkə vətəndaşlığından çıxmağa görə ödənilən rüsumudur. Yəqin ki, Azərbaycan vətəndaşlığını tərk etmək istəyənlər də bundan sonra daha artıq rüsum ödəməlidir. Bu rüsum bizə nəsə deyir…
Sərdar Amin