Kriminal

Tanınmış güləşçinin məhkəməsi başladı

Tanınmış güləşçinin məhkəməsi başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

7Times.az xəbər verir ki, hakim Səbinə Məmmədovanın sədrliyi ikə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları təsdiqlənib.

Daha sonra zərərçəkmiş şəxsin müdafiəçisi vəsatət qaldıraraq prosesdə kütləvi informasiya vasitələrinin iştirakına etiraz edib və qapalı keçirilməsini istəyib. Məhkəmə iclasın açıq keçirilməsinə və çəkiliş aparılmamasına qərar verib.

Təqsirləndirilən şəxsin vəkili məhkəməyə yazılı vəsatət təqdim edib. Elman Muxtarovun əməlində cinayət tərkibinin olmadığını bildirən müdafiəçi  təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyini və əməlində “181-ci maddenin terkib hissesinin olmadigini” deyib. O bildirib ki, təqsirləndirilən şəxsin 128-ci maddə ilə həbsdə qalmasına heç bir əsas yoxdur. Bu səbəbdən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatətə münasibət bildirmək üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin olunub.

Qeyd edək ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad, soyadı şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad, soyadı şərti) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad, soyadı şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Nəzrin Cavadzadə