Şəxs sizdən şifahi olaraq 5000 manat borc pul almışdır, “WhatsApp” yazışmalarında isə həmin məbləği 10 gün ərzində qaytaracağı barədə söz vermişdir. Hazırda telefon zənglərinizə cavab vermir və sizin borc verməyiniz haqda yeganə sübutunuz borc alan şəxslə “WhatsApp” yazışmalarınızdır. Bu halda siz nə edə bilərsiniz?
İlk öncə qeyd edim ki, borc verərkən onu yazılı müqavilə şəklində bağlamağınız sizə məhkəmədə iddia qaldırarkən qələbə qazanmağınıza kömək edəcək. Həmçinin, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya borc alan hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yəni sizin əlinizdə yazılı şəkildə borc müqaviləsi varsa istədiyiniz vaxt o borcu qaytarmaq üçün məhkəməyə müraciət edə bilərsiniz. Onu da qeyd edim ki, borc müqaviləsi bağlanarkən hüquqşünasdan məsləhət almağınız sizə bu işdə ehtiyatlı davranmağa kömək edəcəkdir.
İkinci məsələ isə sizin əlinizdə hər hansı borc müqaviləsi deyil “WhatsApp” yazışmalarının olmasıdır. Gəlin bununla bağlı ölkə qanunvericiliyinə nəzər salaq. Mülki prosessual qanunvericiliyinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin, Konstitusiyamızda da bununla bağlı müddəalar var: qanunla müəyyən olunmuş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qala bilməz.
Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübütlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
Yəni siz həmin şəxslə olan yazışmaları sübut kimi təqdim edib məhkəməyə müraciət edə bilərsiniz. Əgər bu yazışma hər hansı digər şəxslə borc alan arasında olsaydı, o zaman siz bu sübutlardan istifadə edə bilməzdiniz, çünki burda birbaşa əlaqədar tərəf (Siz) deyil, başqa şəxslə olan yazışma sübut kimi təqdim olunur.
Əlavə olaraq bildirmək istərdik ki, sübutlar 1-ci instansiya məhkəməsində təqdim edilməlidir. Sübutları 1-ci instansiya məhkəməsində deyil, apellyasiya instansiyası məhkəməsində təqdim edirsinizsə, o zaman siz sizdən asılı olmayan səbəblər üzündən sübutları 1-ci instansiyası məhkəməsinə təqdim edə bilməməyinizi sübuta yetirməlisiniz.
Huquq.az
Follow @7timesaz