Son illərdə Azərbaycan dövləti təhsilin inkişafı istiqamətində mühüm addımlar atıb, xüsusilə də gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almasını təşviq edən müxtəlif proqramlar həyata keçirib.
Bu istiqamətdə həyata keçirilən əsas təşəbbüslərdən biri “2007–2015-ci illər üzrə Dövlət Proqramı”, daha sonra isə “2022–2026-cı illər üçün Xaricdə Təhsil üzrə Yeni Dövlət Proqramı” olub. Məqsəd Azərbaycanın gələcək inkişafında aparıcı rol oynaya biləcək ixtisaslı, bilikli və qlobal düşüncə tərzinə sahib kadrların hazırlanmasıdır.
Maraqlıdır, Dövlət Proqramı üzrə təhsilini başa vurub vətənə dönməyənlərə hər hansısa bir cəza gözləyirmi?
7Times.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Dövlət Proqramına sorğu ünvanlayıb.
Bildirilib ki, namizəd Dövlət Proqramı təqaüdçüsü seçildikdən sonra onunla Elm və Təhsil Nazirliyi arasında müqavilə imzalanır:
“Bu müqaviləyə əsasən təqaüdçünün də öhdəlikləri mövcuddur. Bunlardan biri də təhsilini uğurla başa vurduqdan sonra 2 ay ərzində vətənə qayıdıb, 5 il əmək fəaliyyəti ilə məşğul olmaqdır.
Müqavilənin qeyd olunan şərti pozulduqda müvafiq hüquqi tədbirlər görülür”,- deyə məlumat verilib.
Follow @7timesaz