44 günlük Qarabağ müharibəsində atəşkəslə bağlı Rusiya, Azərbaycan və Ermənistanın liderləri arasında imzalanmış 10 noyabr tarixli bəyanatın tələbləri hazırda icra olunmaqdadır. Sənədin əsas tələblərindən biri məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsinin təmin olunmasıdır.
Bu isə o deməkdir ki, hazırda Azərbaycan Ordusunun nəzarətində olmayan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərindən vaxtilə didərgin salınmış azərbaycanlılar da öz evlərinə qayıtmalıdırlar.
7times.az xəbər verir ki, hazırda rusiyalı sülhməramlılarının vasitəçiliyi ilə bölgədən qaçmış erməni əhali geri qaytarılır.
Azərbaycanlı köçkünlərin isə Qarabağın dağlıq hissəsinə nə zaman qaytarılacağı məlum deyil. Məlum olan odur ki, Xankəndində separatçı tör-töküntüsü terrorçu Arayik Arutunyanın rəhbərliyilə fəaliyyətini davam etdirir və belədə azərbaycanlıların ora qaydışı hələ ki mümkün görünmür.
Dağlıq Qarabağla bağlı qeyri-müəyyənlik Xankəndindən olan azərbaycanlı məcburi köçkünləri də ciddi narahat edir.
Siyasi ekspertlər deyirlər ki, Xankəndiyə qayıdacaq azərbaycanlıların təhlükəsizliyi baxımından Türkiyə hərbçilərinin bölgəyə yerləşdirilməsi vacib şərtdir. Çünki “sülhməramlı” adı ilə Dağlıq Qarabağa yerləşən Rusiya hərbçiləri özlərini tərəf kimi aparır, ancaq ermənilərə qayğıkeşlik nümayiş etdirirlər.
Rus əsgərlərin azərbaycanlı köçkünlərin təhlükəsizliyinə təminat olacağı ciddi şübhələr doğurur.
Bəs Xankəndi qeydiyyatlı ümumi əhali sayı nə qədərdi?
Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sonuncu dəfə Xankəndi əhalisini rəsmən 1979-ci ildəki siyahıyaalma zamanı saya bilib.
1979-cu il məlumatına əsasən, Xankəndi şəhərində 38948 nəfər əhali yaşayıb ki, onlardan 4303 nəfərini azərbaycanlılar, 33898 nəfərini ermənilər, 747 nəfərini isə rus və digər millətlərdən olanlar təşkil edirdi.
1989, 1999, 2009 və 2019-cu illərdə aparılan şəhər və rayonlar üzrə əhalinin siyahıyaalınmaları zamanı Xankəndi əhalisinin sayı təxmin edilərək götürülüb.
Statistika Komitəsinin siyahıyaalmaları zamanı Xankəndidə yaşayan daimi əhali sayı 1979-cu ildə 38,9 min nəfər, 1989-cu ildə 57, 8 min nəfər, 1999-cu ildə 54,5 min nəfər, 2009-cu ildə 55,1 min nəfər olub.
Təxminlərə görə, 1988-ci ildə 15 min azərbaycanlı Xankəndindən didərgin düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə Xankəndi əhalisi 55,2 min nəfər, 2012-ci ildə 55,3 min nəfər, 2013-cü ildə 55,4 min nəfər, 2014-cü ildə 55,5 min nəfər, 2015-ci ildə 55,5 min nəfər, 2016-cı ildə 55,6 min nəfər, 2017-ci ildə 55,7 min nəfər, 2018-ci ildə 55,8 min nəfər, 2019-cu ildə 55,8 min nəfər, 2020-ci ildə 55,9 min nəfər təxmin edilib.
Bu rəqəmlərdə ermənilər və azərbaycanlıların ayrı-ayrılıqda neçə faiz təşkil etdiyi rəsmən açıqlanmır.