Aktual

ABŞ UKRAYNAYA RUSİYANIN QORXDUĞU SİLAHI VERƏCƏKMİ? – Lavrov hədələyir, Avropa ölkələri tərəddüd edir…

ABŞ UKRAYNAYA RUSİYANIN QORXDUĞU SİLAHI VERƏCƏKMİ? – Lavrov hədələyir, Avropa ölkələri tərəddüd edir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın ərazisinə zərbələr endirməyə qadir olan silahların tədarükü qəbuledilməz eskalasiyaya doğru bir addım olacaq, ümid edirik ki, Qərbdəki sağlam qüvvələr bunu başa düşəcəklər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-ın Ukraynaya göndərməyi planlaşdırdığı raket sistemləri barədə danışarkən deyib.

Bundan öncə isə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə Rusiya işğalını dayandırmaq üçün lazım olan silahlarla bağlı çağırış edib: “Biz neçə vaxtdır Ukraynanın döyüşün xarakterini dəyişdirmək, işğalçıların qovulması istiqamətində daha sürətli və daha inamlı hərəkətə başlamaq üçün lazım olan bütün silahlarla təmin edilməsi üçün mübarizə aparırıq. Bütün silahlar, o cümlədən MLRS-lə (raket yaylım atəş sistemi – red.). Bu aqressiyanı dayandırmaq üçün real zəruri olan sistemlərlə. Əminik ki, səylərimiz sayəsində hələ də səsimiz eşidiləcək”.

Beləliklə, Rusiyanın açıq şəkildə qorxduğu və bu qorxunu Lavrovun dilindən səsləndirdiyi, Zelenski və Ukrayna hərbi rəhbərliyinin tələb etdiyi silahlar hansılardır? Ukrayna və Qərb mətbuatında gedən materiallardan və açıqlamalardan belə aydın olur ki, hazırda Kiyevin israrla tələb etdiyi silahlar ABŞ-ın MLRS və M142 (HIMARS) raket sistemləridir.

 

 

Məsələ ondadır ki, bu gün Rusiyanın Donbasda apardığı hücum əməliyyatlarındakı əsas üstünlüyü artilleriya və raket sistemləri üzərində qurulub. Cəbhədəki ukraynalı hərbçilərin bildirdiyinə görə, onların hər artilleriya atşına Rusiya tərəfi az qala 20 atışla cavab verir.

Həmçinin, rusların artilleriya silahları daha uzaq məsafələri vura bilir. Rus ordusunun bu atışlarının dəqiqlik sarıdan ukraynalıların zərbələrindən xeyli geri qalmasına baxmayaraq, Rusiya tərəfi raket və artilleriya qurğularının say üstünlüyündən istifadə edərək, müəyyən nisbi irəliləyişə nail ola bilir.

Ukraynanın isə həmin artilleriya və raket komplekslərini məhv edə biləcək silahları bir çox istiqamətlərdə ya yoxdur, ya da az saydadır. Yuxarıda qeyd edilən ABŞ-ın MLRS və M142 (HIMARS) raket sistemləri isə həm atış məsafəsi və intensivliyi, həm mobilliyi, həm də digər bir çox cəhətlərinə görə Rusiyanın anoloji silahlarını qat-qat üstələyir. 

 

 

 

Sözügedən komplekslər müxtəlif növ mərmilərdən hətta raketlərdən istifadə edə bilir və onların atış məsafəsi yüzlərlə kilometri əhatə edir. Bu isə o deməkdir ki, həmin silahlarla Ukrayna nəinki Donbas, Xerson, Zaporojye ərazisindəki işğalçı ordunu, hətta Rusiya ərazisinin dərinliklərindəki hərbi obyektləri, infrastrukturu, qoşun birləşmələrini və s. vura bilər. Bütün bunlar nəzərə alındıqda belə nəticə hasil olur ki, sözügedən silahlar böyük taktiki və indiki durumda hətta az qala strateji əhəmiyyət daşıyır.

Ancaq son günlərədək həmin silahların Ukraynaya verilməməsi rəsmi Kiyev tərəfindən birmənalı qarşılanmayıb. Hətta Ukrayna Prezident Ofisi başçısının müşaviri Aleksey Arestoviç ABŞ-ı bu sistemləri verməkdən yayınmaqda günahlandıraraq, az qala Vaşinqtonu Ukraynanın uduzmasını istəməkdə günahlandırıb. 

Qərb mətbuatının yazdığına görə isə ABŞ tərəfinin tərəddüd etməsi təsadüfi deyil. Belə ki, Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirməsi ehtimalı və bunun reallaşması eskalasiyanı daha da artıra, hətta NATO daxilində fikir ayrılığı və parçalanma yarada bilər.

ABŞ Milli Kəşfiyyat İdarəsinin başçısı Avril Heyns Senatdakı dinləmələrdə deyib ki, Putinin ambisiyaları ilə onun ordusunun potensialı və hərbçilərinin bacarıqları üst-üstə düşmür. Bu isə müharibənin sonrakı gedişini proqnozlaşdırmağı çətinləşdirir və eskalasiya riskini artırır.

 

 

Buna paralel olaraq isə bir sıra Avropa ölkələrinin Ukraynaya tank və təyyarə tədarükünü tormozlamağa dair qeyri-rəsmi razılığa gəldikləri iddia olunur. Buna səbəb kimi göstərilir ki, tank və təyyarələrin verilməsi artıq NATO-nun faktiki olaraq Ukraynadakı müharibəyə qoşulması kimi qiymətləndirilə və nəticədə Rusiya rəsmən səfərbərlik və müharibə elan edə bilər. Bu isə eskalasiyanın artması və gözlənilməz ağır nəticələr yaradar.

Emmanuel Makron hələ NATO-nun son sammitindən sonra demişdi ki, bir hədd var ki, o həddə görə NATO müharibədə tərəf olmamalıdır. Bu da o deməkdir ki, Fransa kimi ölkələr öz mənafelərindən və Moskva ilə aşkar və gizli bağlarından çıxış edərək, Rusiya ilə Ukraynada birbaşa konfliktə girmək istəmirlər.

 

 

Ancaq hazırda Rusiyanın dərinliyinə zərbə vurmaq Ukraynanın özünə də sərf etmir. Çünki bunun nəticəsində NATO və Qərb tərəfdaşları arasında hər hansı narazılıq və parçalanma yaranması Ukraynanın maraqlarına uyğun deyil. Ona görə də həmin silahlarla Rusiyanın dərinliklərinə zərbə endirmək Ukraynaya lazım deyil. Ən azından elə onun öz ərazisində – Donbas, Xerson və Zaporojyedə Rusiyanın vurulmalı olan kifayət qədər hərbi hədəfləri var. Digər yandan bu silahlar Rusiyanın əl-qolunu xeyli bağlamış olar və onu daha ehtiyatlı davranmağa, hətta müharibədə qarşısına qoyduğu strateji hədəflərə belə yenidən baxmağa vadar edə bilər.

Bəs, bu silahlar Ukraynaya veriləcəkmi? Belə görünür ki, ABŞ bütün təzyiq və xəbərdarlıqlara baxmayaraq, sözügedən raket sistemlərini Ukraynaya verəcək.

 

 

Dünən CNN bununla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Co Bayden Administrasiyası Ukraynaya yeni silah tədarükü həyata keçirməyə hazırlaşır və onun tərkibində MLRS reaktiv raket sistemləri də var.

Qeyd olunur ki, bu sistemlərə hazırda Ukraynada böyük tələbat olduğundan belə bir qərar verilib. O da əlavə olunur ki, sözügedən silah tədarükü gələn həftə elan olunaraq, həyata keçiriləcək. Deməli, Ukraynanın işğalı dayandırmaq, bir müddət sonra isə hətta əks-hücuma keçərək, itirilmiş torpaqlarını qaytarmaq şansları artır. Təbii ki, Qərb, xüsusilə də Fransa, Almaniya, İtaliya kimi ölkələr xəyanət yolunu seçməsələr və ABŞ tərəddüd etməsə…