“Şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla bilər. Çünki hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir”.
7Times.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “report”a müsahibəsində deyib.
O, misal olaraq qeyd edib ki, bu gün qüvvədə olan standartlara əsasən 5-6-cı siniflərdə yeni “Təbiət” fənni tədris olunur.
“Bu fənn əvvəllər I-IX siniflərdə tədris edilən həyat bilgisi fənninin yuxarı siniflərdəki saatları hesabına keçirilir. “Həyat bilgisi” fənninin tədrisi isə I-IV siniflərlə məhdudlaşır. Eyni zamanda tədris digər dillərdə aparılan bölmələrdə “Azərbaycan dili” (dövlət dili) fənninin həftəlik tədrisi 2 saatdan 3 saata qaldırılıb. Həmin bölmələrdə ikinci xarici dil fənninin tədrisi isə dayandırılır. Bundan başqa, tədris digər dillərdə aparılan bölmələrdə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris olunması 2 il məhdud sayda məktəbdə sınaqdan keçirilmiş və nəticələrin müsbət olması bizə əsas verib ki, 2024–2025-ci tədris ilindən bütün məktəblərimizdə ölkəmizin tarixi dövlət dilində öyrənilsin. Bunlar hamısı yeni qərarlardır. Ən böyük dəyişikliklərdən biri də odur ki, fakültativləri 20 faizə qədər artırmışıq, yəni məktəbin özünün 20%-ə qədər qərar vermək hüququ var. Amma bizim kontekstdə bunu etmək çətindir”, – deyə nazir bildirib.
Follow @7timesaz