O, ilk dəfə cüdo zalına daxil olanda yaşıdlarının əksəriyyəti müəyyən yarış təcrübəsinə sahib idi. Bəzilərinin isə evində kubok, medallardan ibarət bir guşə yer alırdı. Başqalarının Avropa, dünya, hətta olimpiya çempionu olduğu yaşda, o, bir dəfə də olsun, beynəlxalq yarışda iştirak etməmişdi.
Azərbaycan cüdosunun əzmkarlıq simvolu adlandıra biləcəyimiz dünya və Avropa çempionu Elxan Məmmədovun karyerasını – onun Azərbaycan idmanı tarixində açdığı bir-birindən parlaq səhifələri “vərəqləyəcəyik”.
“Məni işə həvəsləndirirdi”
Elxan Əbülfəz oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarında yunan-Roma güləşi və futbolla məşğul olub. Lakin vaxt keçdikcə bu idman növlərinin ona görə olmadığını görüb və bibisi oğlunun məsləhəti ilə cüdonu seçib. Elxan Ağanağı Cəfərovun yanında yapon döyüş təliminin sirlərinə yiyələnməyə başlayanda artıq 14 yaşı var idi.
Respublikanın əməkdar məşqçisi Ağanağı Cəfərovun yetirməsi ilə bağlı xatirələri:
“O vaxt mən “Ehtiyat Əmək Qüvvələri” İdman Cəmiyyətində işləyirdim. İlk dəfə onu zalda görəndə yaşına xas olmayan ciddiyyət, baxışlarındakı qətiyyət diqqətimi cəlb etdi. Sonradan əmin oldum ki, o, adi uşaq deyil, hamıdan fərqlidir. Elxan məni işə həvəsləndirirdi. Belə desək, yaradıcı uşaq olub. Hansı fəndin icrasını ona başa salırdımsa, digər variantlarını da icra etməyə çalışırdı.
Səhv etmirəmsə, 1999-cu il idi. Biz məcburiyyətdən zalımızı dəyişməli olmuşduq. İndiki Neft və Sənaye Universitetinin zalına köçmüşdük. Orada da demək olar, heç bir şərait yox idi. Adicə tatamimiz olmadığı üçün yerə qalın parça sərmişdik. Uşaqlar evdə əllərinə keçən yundan, pambıqdan gətirib altına doldururdu, beləcə məşq keçirdik. Bu cür çətin günlərimiz olub.
Ümumiyyətlə, Elxanın idman karyerası çox keşməkeşli olub. Bəzi adamlar çalışıblar ki, ayağından çəksinlər. Uğurlarına qısqanclıq, hətta deyərdim, paxıllıqla yanaşıblar. Amma o, həmişə öz müdrikliyini qoruyub. Ətrafındakı hər kəsin uğuruna özününkü kimi sevinib. İnanın, yetirməm olduğuna görə demirəm. Azdan-çoxdan tanıyan kimdən soruşsaq, cavabı eyni olacaq”.
İki illik ayrılıq və qucaq-qucaq medallar
17 yaşında ikən ciddi zədə alan Elxan uzun müddət tatamidən uzaq qalıb. Təxminən 2 il sonra məşqlərini bərpa edən gələcək dünya və Avropa çempionu 22 yaşınadək heç bir beynəlxalq yarışda iştirak etməmişdi. Bu, o yaşdır ki, Azərbaycanın cüdo üzrə hər iki olimpiya çempionunun artıq ulduzu parlamış, minlərlə yeniyetmənin kumirinə çevrilmişdi.
2004-cü ildə Sloveniyanın paytaxtı Lyublyanada 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc medalına sahib çıxan Elxan növbəti uğurunu 2007-ci ildə Niderlandın Rotterdam şəhərində keçirilən “Böyük Dəbilqə”də əldə edir (bürünc medal). Bundan qısa müddət sonra Bakıda Dünya kuboku yarışının baş mükafatını boynundan asan Məmmədov Tbilisi və Praqadakı yarışlardan vətənə bürünc medalla dönür. 2008-ci ildə isə o, Lissabonda baş tutan Avropa çempionatında finala qədər irəliləyir. Burada niderlandlı Mark Hayzinqaya uduzan 26 yaşlı idmançı karyerasının ən böyük uğurunu qazanır. Növbəti il Norveç turnirində bürünc, Bakının ev sahibliyi etdiyi Dünya Kubokunda qızıl medal qazanan Elxan Tbilisidə keçirilən qitə çempionatını üçüncü yerdə başa vurur. 2010-cu ildə isə o, Tokioda keçirilən dünya çempionatının bürünc medalına sahib çıxaraq karyerasında yeni səhifə açır. İlk dəfə 28 yaşında mundial mükafatına yiyələnən usta cüdoçu növbəti ilin əvvəlində Bakıda təşkil olunan nüfuzlu “Dünya Ustaları” yarışının qalibi olur. O, “Sərhədçi” İdman Kompleksinin dolu tribunaları önündə keçən turnirin final görüşündə üç ay əvvəl DÇ-nin yarımfinalında uduzduğu məşhur gürcü əsilli Yunanıstan cüdoçusu İlias İliadisi “ippon”la məğlub edir.
Follow @7timesaz