Qarabağ

“Erməniyə güzəşt ”timsahı yemləyən”in aqibətini yaşamağa bənzəmir ki?”

“Erməniyə güzəşt ”timsahı yemləyən”in aqibətini yaşamağa bənzəmir ki?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görməmişə dünyanı bağışlasan belə, yenə “bəsimdir” deməyəcək, kiçiklərin də böyüklük iddiası sərhəd tanımaz. Ermənilər keçmiş və indiki tarixlərinə həmişə “böyük” sözü əlavə etməklə təsəlli tapıblar və özlərini inandırıblar ki, onlar çox “böyük”dürlər.  “Böyük Ermənistan”, “Böyük Tiqran”, “ Böyük Kilikya evi”,”böyük diaspora” və sairə “böyüklər” əsrlərdir ki, ermənilik ideologiyasının əsasını təşkil edib və bu yalançı böyüklüyün düşmənçilik hədəfi Türkiyə, Azərbaycan olub. Azərbaycan bu dırnaqarası “böyük”ə qalib gəlib, özlərini yalana inandıranları əzib kiçiltdi, amma… Amma, erməni iddiasında qalır.

Təzadlı bir vəziyyət formalaşmaqdadır. Detallarına varmadan deyə bilərik ki, Ermənistan məğlubiyyətdən sonra ağır böhran içərisəndədir və biz bunu bilirik. Azərbaycanın və Türkiyənin belə bir vəziyyətdə Ermənistanı sülhə çağırması, ərazi bütövlüyünün tanınması üçün ermənilərə ünvanlanan iqtisadi əməkdaşlıq təklifləri böhranda olanın ayağının altına daş qoymaq deyilmi? Bəlkə də normal təfəkkür üçün bunu qəbulolunan hesab etmək olardı, amma qarşındakı normal təfəkkürdən çox “böyüklük” xəstəliyinə tutulmuş bir görməmiş kiçikdirsə və sənə hələ də düşmən gözü ilə baxırsa, niyə ona güzəştlər etməliyik?
“Dəhliz” məsələsini siyasi prioritetə çevirdikcə, erməni elə zənn edir ki, biz çıxılmaz durumdayıq və bu dəhlizə imkan vermədikcə yumşalıb hansısa güzəştlərə gedəcəyik. Halbuki, blokadada qalmış Ermənistanın Rusiya və İranla dəmiryol əlaqəsi məhz onlara hava və su kimi lazımdır, bizə yox. Sərhəd müəyyənləşməsini 14 aydır əngəlləyən erməni yeni yad ərazilərə iddialı olduğunu hər siyasətində biruzə verir. Xankəndindəki separatçı rejimin liderləri, Ermənistanda revanşizmi körükləyən siyasi müxalifət hələ də keçmiş Dağlıq Qarabağın müstəqil olacağı bəyanatlarını verirlər, Azərbaycanın tərkibində heç bir statusla razılaşmayacaqlarını bildirirlər. Türkiyə ilə yaxınlaşmaq üçün “ əvvəlcədən heç bir şərt olmaması” şərtini irəli sürürlər. Türkiyənin tanınmış professoru Ələddin Yalçınkayanın dediyi kimi “sənin ərazinə iddiasını öz Konstitusiyasına salan bir qonşu ilə necə təmsilçilik mübadiləsi yaradıla bilər, İstanbul-İrəvan reysi açmaq olar?” Qalib Azərbaycan sülh müqaviləsinin tezliklə bağlanmasını zəruri hesab etdikcə, məğlub Ermənistan öz maraqları çərçivəsində sülh şərtləri irəli sürəcək, necə ki, sürür.
Bu işdə ən təhlükəli siyasəti hər zaman olduğu kimi erməni kilsəsi aparır. Bir neçə gün əvvəl katolikos I-ci Aramın ermənilərə Yeni il müraciəti dünya ermənilərinin apardığı siyasətin ümumiləşmiş mahiyyətidir. Bütün məzmunu Azərbaycana, Türkiyəyə qarşı olan bu müraciətdən kiçik bir parçanı diqqətinizə çatdırırmaqla qənaətimizdə haqlı olduğumuzu təsdiq etmiş oluruq:
“Hansısa səbəbdən biz döyüşdə məğlub olduq, amma müharibədə yox. Ermənistanın və Artsaxın müstəqilliyini möhkəmləndirmək və milli hüquqlarımızı bərpa etmək üçün ümumerməni mübarizəsi davam edir.
-Ümumerməni mübarizəsi davam etməlidir
-Ermənistan ordusunu yenidən təşkil etmək və müasir silahlarla təmin etmək lazımdır
-Xalq müqavimətinə çevrilərək sərhədlərimizi qoruyaq
-Döyüş ruhunda danışıqlar aparmaq”
Bu müraciəti imzalayan müdafiə naziri yox, din xadimidir. Din xadimini sülh carçısı kimi bilən bəşəriyyət görsün ki, ermənilərdə bu əksinədir-baş nazirləri sülhün vacibliyindən danışanda katolikoslar müharibəyə hazırlaşmağa çağırışlar edirlər.
Bilirsiniz niyə belə olur? Biz Xankəndi probleminin üzərinə getmədikcə düşmən şirnikləşir. Biz Xankəndiyə nəzarətimizi rəsmən Rusiya dövləti qarşısında gündəmə gətirmədikcə qarşı tərəfin revanşist siyasət aparmasının yeni və təhlükəli məzmunu ilə rastlaşacağıq. Gərək Rusiyanın üzərinə diplomatik addımlarımızı ataq ki, düşmən də öz hesabını götürsün.
 “ .., O, timsahı o ümidlə yemləyir ki, timsah onu axırda yeyəcək” kəlamı Uinston Çörçilə məxsusdur. Biz Xankəndiyə nəzarət məsələsini dəhliz, sərhəd problemləri ilə paralel şəkildə aparmadıqca,  qarşı tərəfə zamanından tez güzəştlər etdikcə.., “timsahı yemləyənin” aqibətini tam yaşamasaq da, ona yaxın bir iş olacaq.