İnsanlar arasında qədimdən gələn inanclar, adətlər, davranış tərzləri var. Belə inanclardan biri də gözdəymə, nəzərdir. Kimisi bunu adi hal hesab edir, kimisi üçün isə bu, bir növ fobiyadır. Bəzi insanlar isə bunu mənfi enerji kimi qəbul edir.
Maraqlıdır, əslində nəzər nədir, necə yaranır və ondan necə qorunmaq olar?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib ki, qədim əcdadlarımız bədnəzərdən, pis gözdən qorunmaq üçün müxtəlif üsullardan istifadə edib:
“Bu üsullardan biri bəlkə də ən çox bilinəni gözmuncuğudur. Qədim insanlar inanırdılar ki, gözmuncuğu onları bədnəzərdən, pis gözlərdən qoruya bilər. Əlbəttə, bu sadəcə bir inancdır və gözmuncuğunun heç bir əsası, qoruyucu xüsusiyyəti yoxdur. Bununla belə bədnəzər, göz var. Hədislərdə bu barədə qeyd olunub. Qurani-Kərimin qələm surəsinin 51-ci ayəsi də buna bariz nümunədir. Hətta bir çox insanlar bu ayəni bədnəzərdən, gözdən qorunmaq üçün əzbər bilir.
Hz. Yaqub oğlanlarını Misirə göndərərkən onlara Misirə fərqli qapılardan daxil olmağı məsləhət görüb. Səbəb kimi isə Misir xalqının bəd gözlərinin olması idi.
Sonda isə onu deyim ki, İslam peyğəmbəri də insanlara qəbiristanlıqlara tez-tez getməyi məsləhət bilib. Çünki qəbiristanlıqda ölənlərin çoxu iki halda ölüb: ya nəfs, nəzərin təsirindən, ya da günahlarından.
Follow @7timesaz