Maraqlı

Mental dəyərlərə bağlı adət-ənənələr: Evlilikdə yaşın fərqi varmı?

Mental dəyərlərə bağlı adət-ənənələr: Evlilikdə yaşın fərqi varmı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diqqət etsək, görərik ki, böyük yaş fərqi olan nikahların sayı artmaqdadır. Belə evliliklərdə əsasən kişilərin yaşının qadınlardan xeyli çox olduğu müşahidə olunur.

Ancaq qadınların da özlərindən yaşca kiçik olan kişilərlə izdivac qurduqları hallar artmaqdadır. Belə nikahlar cəmiyyətdə heç də birmənalı qarşılanmır və müxtəlif fikirlərin yaranmasına səbəb olur.

İnsanlarda bir düşüncə var ki, kişi qadından mütləq böyük olmalıdır. Kişi qadını idarə etməli, istiqamətləndirməlidir. Bəzən bunu qadınların çox ağıllı olması ilə də bağlayırlar. Düşünürlər ki, qadın kişidən böyük və ya kişi ilə eyni yaşda olmamalıdır. Çünki qadın kişidən daha tez inkişaf edir. O zaman kişi ondan geri qalmış hesab olunar. Doğrusu, heç kişinin qadından kiçik olmasına yaxşı münasibət bəslənmir. Buna bir qayda olaraq hər kəs əməl edir.

 

Bəs görəsən, bu mentalitetlə bağlıdır, yoxsa başqa məqamlar var? Əslində necə olmalıdır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru Vüqar Əhməd deyib ki, bu, mental dəyərlə bağlı olan adət-ənənədir:

“Dədə-babadan belə olub. Bu gün az da olsa, hələ də qalıb. Get-gedə o stereotip dağılıb. 30-40 faiz qalıb. Kim kimi sevirsə, onunla da ailə həyatı qurur. Yaş həddinin heç bir aidiyyəti yoxdur. Birinin o birindən kiçik və ya böyük olmasının heç bir əhəmiyyəti yoxdur. Bir yerdə onlar yaşayacaqlar. Düzdür, bəzən qızın ailəsi müdaxilə edə bilər. Lakin bəzi hallarda sırf qızın atası imkanlı olduğu üçün oğlan özündən böyük olan qadınla ailə həyatı qurur. Belə hallar da var. Amma o demək deyil ki, hamısı bundan qaynaqlanır. Şəxsi seçimdir. Ona üçüncü adam qarışa bilməz. Yaşın fərqi olmamalıdır”.

V.Əhməd qeyd edib ki, ailə belə gənclərin seçiminə müdaxilə etməməlidir:

“Qızların yaşca kiçik olması qədim zamanlardan qaynaqlanıb. İslamda dörd xanımla evlənmək ənənəsi var. Kişinin birinci xanımı böyük olur. Digərləri isə yaşca kiçik olurlar.

Türkmənistanda adət-ənənələrə əməl edirlər. Kişi üç xanımla ailə həyatı qura bilər – böyük xatun, orta xatun, kiçik xatun. Böyük xatun heç nəyə əl vurmur. Orta xatun və kiçik xatun ona tabedirlər. Həyət-bacanı kiçik xatun təmizləyir.

Könül sevən göyçək olar. Qarışmamaq lazımdır. O yaşayacaq da, sən yaşamayacaqsan ki?!”

Psixoloq Gülər Məmmədova isə əlavə edib ki, insanın zəka səviyyəsi daha mühüm faktor hesab olunur:

“Bu cür yanaşmalar fərdidir. Hər kəsin özünəməxsus düşüncələri var. Bir qisim insanların böyüdüyü, tərbiyə aldığı ailədə kişiyə olan yanaşma fərqlidir. Orada böyüyən qız uşaqları hər zaman kişinin yaşca böyük olmalı olduğunu düşünürlər. Evdə hər şey ataya həvalə olunub deyə, təsəvvürləri bu istiqamətdə olur və bu fikirlərlə ailə həyatı qurmağa çalışırlar. Düşünürlər ki, yaşca məndən böyük, təcrübəli, məni hər zaman istiqamətləndirən, qoruyan, idarə edən biri olsun.

İnsan alilik səviyyəsinə çatdıqda, özü-özünü təkmilləşdirib, inkişaf etdikdə artıq onun üçün yaş faktoru önəm kəsb etmir. Bir çox qızlar oğlanın dünyagörüşünə, onun yaşından asılı olmayaraq həyat təcrübəsinə önəm verirlər. Bəziləri isə duyğularla hərəkət edirlər. Fərdi düşüncələri bizim mühakimə etmək ixtiyarımız yoxdur. Hamı təhsil ala, özünü müdafiə edə bilməz ki, bir çoxları sığınmaq naminə ailə həyatı qururlar. Qız uşaqlıqda atasına sığındığı kimi, ailə qurduğu adamı da elə görür. İnsanın böyüdüyü ailədən çox şey asılıdır”.

G.Məmmədovanın sözlərinə görə, qızların kişilərdən daha ağıllı olması anlayışı yanlışdır:

“Yaş həddi elə bir incə məqamdır ki, biz nə qədər qayda-qanunu qorusaq da, hər bir insanın öz seçimi var. Elələri var ki, uşaqlıqdan özündən 10 yaş böyük kişi ilə ailə həyatı qurmağı arzulayırlar. Lakin ailə qurduqdan sonra nəticənin bərbad olduğunu görür. Düşüncələri, həyata baxış tərzi mühüm rol oynayır. Burada insani keyfiyyətlər çox mühüm faktordur. Bu məsələlər xarakterdən asılıdır. Yaşla heç nə ölçülmür. Hər kəs fərdi yanaşması ilə hərəkət edir”.