Millət vəkili Tahir Rzayev hər kəsin bildiyi bir həqiqəti dilə gətirib. Deyib ki, indiki cavan qızlar inək sağa bilmir, cavan oğlanlar əkin sahəsini suvara bilmir. İndi bu sözünə görə, sosial şəbəkələrdə deputat tənqid atəşinə tutulub. Niyə?
Sadə səbəblərdən biri budur: Fikrin həqiqət olub-olmamasından asılı olmayaraq, onun kimin dilindən səsləndirilməsi çox önəmlidir. Tahir Rzayev ağzı ilə quş tutsa da, bu, çoxluq tərəfindən tənqidlə qarşılanacaq. Çünki bu imici o illərlə göstərdiyi fəaliyyət nəticəsində qazanıb. Təkcə o deyil, bu çox deputatlarımız özləri haqda mənfi imic yarada biliblər.
Tahir Rzayevin dedikləri həqiqətdir. Amma axı adam özünü sual verməkdən də saxlaya bilmir. Tahir Rzayevin qızı və yaxud qız nəvələri inək sağa bilirlərmi? Deputatın oğlu və ya oğlan nəvələri su sulamağı bir tərəfə qoyuram, “lapatka”nın necə tutulduğunu bilirlərmi? Yəni deputatımız niyə tənqid olunduğunun səbəblərini elə bu amillərdə axtarmalıdır, deyə düşünürəm.
İndi gələk Tahir Rzayevin dediklərinə. Onun tənqidi obyektivdir. Bu gün Azərbaycan kəndlərində kəndli həyat tərzi yox olmaqdadır. Kənd yaşayışı ilə şəhər yaşayışı arasındakı fərq sıfırlanmaqdadır. Hazırda kəndlərdə heç kim təndirdə çörək bişirmir, sac üstünə lavaş sərən yoxdur. Bəlkə də dünyada təndir çörəyinin bişərkən ətrafa yaydığı iy qədər gözəl iy yoxdur. O qoxuda həyat var, enerji var, mehribanlıq var, sevgi var… Bunların hamısı kəndlərdə yoxa çıxıb. Son illərdə olduğum kənd evlərinin heç birinin həyətində təndir görməmişəm. Bu, həyat tərzinin dəyişikliyi ilə yanaşı həm də min illik ənənələrin itirilməsidir. Kəndlərimiz təndir çörəyini “pekarnı” çörəyinə dəyişib.
İndi kəndə gedəndə 2-3 litr süd tapmaq üçün bütün qohum-əqrəbanı gəzməlisən, kəndi bir-birinə vurmalısan ki, orqanik, təbii süd tapa biləsən. Nehrə yağından danışmağa heç dəyməz. Nehrə ayranını yuxunda da görə bilməzsən. Kəndlərimizin sadəcə adı kənd olaraq qalıb. Küçələrinin palçığına, evlərin kəndsayağı olmasına, yol kənarındakı trafaretə fikir vermədən, yalnız yaşayış tərzini müşahidə etsən, görərsən ki, burada kəndliyə aid çox az şey qalıb.
Əgər mövsüm vaxtı bütün tərəvəzi bazardan alırsansa, qazanda qaynayan süd, şor, qatıq, pendir zavod istehsalıdırsa, hətta mətbəxdə bişən yumurta belə broyler məhsuludursa, burada hansı kənd yaşayış tərzindən danışa bilərik?! Elə bunun nəticəsi deyilmi ki, hazırda bazarlarda satılan meyvə-tərəvəzlər böyük çoxluqla istixana məhsullarıdır.
Təbii ki, belə durumun yaranmasında kifayət qədər obyektiv səbəblər mövcuddur. Tarlaların suvarma problemindən tutmuş, gübrələrin od qiymətinə olmasına kimi. Lakin subyektiv səbəblər də çoxdur axı…
Yadımdan çıxmamış onu da deyim ki, hələlik kəndlərimizdə mövsüm meyvələri ilə bağlı ciddi problem yoxdur. Yəni istənilən fəsildə kəndlərə getsən o mövsümə uyğun meyvələr tapa bilərsən. Bunun da sadə səbəbi var. Babalarımızın əkib-böyütdüyü meyvə ağacları hələ də yaşayır. 10-15 il sonra o ağaclar da olmayacaq. Və kənd uşaqları da şəhər uşaqları kimi alma, armud ağaclarını televiziya ekranlarında və şəkilli kitablarda görəcəklər…
yenisabah
Follow @7timesaz