Türkiyənin son illərdə xarici siyasətdə çoxvektorlu iştirakı, geopolitik və strateji müharibələrdə aktiv mövqeyi, bir gücə çevrilməsi imperialist maraqları olan dövlətləri, birlikləri narahat etməyə bilməz.
Onlar Türkiyəni hər yerdə görürlər – Suriyada, Liviyada, İraqda, Cənubi Qafqazda, ən böyük platformalarda, tribunalarda…
Təbii ki, Ankaranın geosiyasi maraqlarının təmin olunması istiqamətində qətiyyətli lider faktoru da nəzərdən qaçırıla bilməz.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəlkə də ölkənin tarixində ən güclü liderdir ki, beynəlxalq aləmdə dövlətin mövqeyini bu səviyyədə möhkəmləndirib.
Bu “şah gedişi” sözsüz ki, supergüclərin – Qərb dünyasının ürəyincə deyil. Hətta Türkiyənin güclənməsini özlərinə qarşı təhdid sayırlar.
“Vaşinqton Post” qəzeti yazır ki, Türkiyənin Suriya, İraq, Qətər, Somali və Əfqanıstanda hərbi bazaları var.
Ölkə Balkanlarda sülhməramlı birliklərdə yer alır. Türkiyənin Aralıq və Egey dənizlərinə nəzarət edən hərbi dəniz qüvvələri mövcuddur.
ABŞ nəşri bildirir ki, bir vaxtlar Osmanlı imperiyası tərəfindən idarə olunan Suakin adasında Türkiyə dəniz bazası inşa etməyə icazə almaq üçün Sudana sərmayə qoyur. Qırmızı dənizə birbaşa çıxışı təmin edəcək bu hərbi baza Ankara üçün xüsusi önəm daşıyır.
“Vaşinqton Post” bildirir ki, İsrail Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə sülh müqaviləsi bağlandıqdan sonra Ərdoğan müsəlman dünyasının lideri kimi qəbul olunur.
Türkiyə prezidentinin “Biz ordusu olan bir toplum deyilik, özü bir ordu olan millətik”, – fikri də qəzet tərəfindən süngü ilə qarşılanır.
Ankaranın regionda qüdrətlənməsinə diqqət çəkən media əlavə edir ki, Türkiyə ilə Çin arasında münasibətlər getdikcə möhkəmlənir. Türkiyədən çəkilən Qərb şirkətlərinin yerini Çin şirkətləri tutub.
“The Foreign Policy” nəşri bildirir ki, Türkiyə ilə Çin arasında iqtisadi və hərbi sahədə əməkdaşlığın həcmi gələn il iki dəfə artacaq.
Türkiyədə üçüncü atom elektrik stansiyasının tikintisini də Çin şirkətləri həyata keçirəcəklər. Çinlə yaxınlaşma Türkiyəyə Qərbin maliyyə resurslarından daha az asılı olmağa imkan verir.
Böyük Britaniyanın “The Financial Times” qəzeti isə Ərdoğanın “Həmas” lideri ilə görüşündən söhbət açır ki, prezident özünü müsəlman dünyasının lideri kimi təqdim edir.
Amerikanın həftəlik “The Time” jurnalı isə yazır ki, Türkiyə və prezident Ərdoğan bütün dünya, o cümlədən ABŞ üçün təhlükədir.
Sitat: “Türkiyəni Osmanlıya çevirmək üçün zorakılıq, senzura və qəzəbli davranış lazımdır. Cənab Ərdoğan da bu kimi davranışları son vaxtlar sıx-sıx nümayiş etdirir”.
Gördüyünüz kimi, Qərb və ABŞ-ın nüfuzlu nəşrləri Türkiyənin Osmanlıya çevrilmə arzusunu dünya üçün təhlükə kimi təşviq edir.
Bu təlaş nədəndir? Dünya Türkiyəni az qala özünə niyə düşmən və təhlükə obrazında görür?
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərin fikrincə, 2014-cü ildə başlayan Ukrayna böhranından sonra geopolitik qarşıdurma və yeni dünya nizamının quruculuğu həlledici mərhələyə daxil olub.
Partiya sədrinin “Yeni Müsavat”a bildirdiyinə görə, yeni nizam quruculuğu onilliklə davam edir və böyük müharibələrlə müşayiət olunur.
S.Əkbər hesab edir ki, üçüncü dünya müharibəsindən sonra yeni nizam qurulur, hər dövlət layiqli yer tutmağa çalışır və Türkiyə fürsətdən istifadə etməkdədir: “Türkiyə dünyada layiqli yer tutmaq istəyir. Bu da oyun quran dövlətləri narahat edir.
Türkiyə bu gün elə potensiala malikdir və gücə çevrilib ki, özü oyun qurmağa başlayıb. Bu da dünyadakı oyunçuların, güclərin planlarını pozur.
Türkiyənin mövqeyinin güclənməsi başda ABŞ və Qərbin aparıcı dövlətləri olmaqla, bu qüvvələri narahat edir. Onlar Osmanlının güclü olduğu vaxtları xatırladır və dünyada qorxu yaratmağa çalışırlar”.
Ekspert Türkiyənin doğru yolda olduğunu düşünür: “Necə olur ki, Qərb ölkələri yeni dünya nizamı quranda yaxşı olur, Türkiyə güclənəndə pis…
Təbii ki, biz Türkiyənin siyasətini alqışlayırıq, qardaş ölkədir, fürsəti əldən verməməlidir. Azərbaycan da qardaş ölkə ilə birgə fəaliyyət göstərməlidir və heç nədən çəkinməməlidir”.
Qeyd edək ki, Ankara-Afina arasında yaranmış gərginliyə görə Türkiyəyə qarşı sanksiyalar belə müzakirəyə çevrilib.
Görünür ki, Avropa geosiyasi proseslərdə Ankara faktorundan ciddi şəkildə həyəcanlanmağa başlayıb.
Amma Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin müşaviri Danila Şvarçer deyib ki, Almaniya məsələnin həlli üçün vasitəçiliyini artırsa da, Fransa kimi ölkələr Yunanıstanı dəstəkləyir.
“Ancaq dialoq mühiti yaratmaq üçün bunu balanslı şəkildə etmək lazımdır. Türkiyənin bölgədəki təsirini artırmaq üçün ordusundan istifadə etmə ehtimalını da nəzərə almalıyıq. Buna baxmayaraq, Türkiyə AB-nin qaçqın planının tərəfdaşıdır və avropalılar üçün açar rolunu oynayır”, – müşavir bildirib.
Follow @7timesaz